"ABŞ və İran arasında gərginliyin davam etməsi, tərəflərin prinsipial güzəştə getməməsi və dialoqu real prioritetə çevirməməsi Yaxın Şərqdə hərbi toqquşma riskini sürətlə artırır. Rəsmi Vaşinqton və Tehran vaxtaşırı danışıqlara açıq olduqlarını bəyan etsələr də, verilən mesajlar böhranın yumşaldılması üçün yetərli hesab edilmir. Mövcud dinamika göstərir ki, proseslər artıq siyasi ritorika mərhələsini geridə qoyub və açıq hərbi hazırlıq fazasına daxil olub". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlara "qapını tam bağlamadığı" barədə mesajları, eləcə də İran Prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığında səsləndirdiyi fikirlər gərginliyi azaltmağa kifayət etmir. Pezeşkian deyib ki: "İran həmişə sülhə, əmin-amanlığa və beynəlxalq hüquq çərçivəsində münaqişələrin qarşısının alınmasına aparan istənilən prosesi alqışlayıb və bundan sonra da alqışlayacaq." Lakin diplomatik ritorika real siyasətdə hərbi planlaşdırmanı əvəz etmir".
Onun sözlərinə görə, rəsmi şəkildə bəlli olan tələblər sırasında İranın nüvə proqramının məhdudlaşdırılması, regionda ABŞ-ın "yenidən dizayn" strategiyasına mane olan proksi qüvvələrdən imtina və rejimin davranış modelinin dəyişdirilməsi yer alır: "Bununla yanaşı, ictimaiyyətə açıqlanmayan, lakin danışıqların əsas düyün nöqtəsini təşkil edən əlavə şərtlərin mövcudluğu da istisna edilmir. Məsələ ondadır ki, bu tələblər Tehran üçün strateji təhlükəsizlik xəttinin keçildiyi nöqtə kimi qiymətləndirilir. Nəticədə dialoq deyil, qarşılıqlı çəkindirmə mexanizmi işə düşür".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31