Naxçıvan, 29 yanvar, AZƏRTAC
Muxtar respublikada 2026-cı ilin 1 yanvar tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 7,4 faiz artaraq 54179 nəfər, aktiv vergi ödəyicilərinin sayı 2,7 faiz artaraq 22360 nəfər təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü illə müqayisədə 19,6 faiz, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 21,9 faiz, onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə 26 faiz, vergi ödəyiciləri üzrə dövriyyə 5,9 faiz artıb.
Nazir onu da qeyd edib ki, muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam etdirilir. 2025-ci ildə istehlakçılara qaytarılan məbləğ 2024-cü illə müqayisədə 25,8 faiz artaraq 1,8 milyon manatdan çox olub.