AZ

Gəncədə "BakuBus"un xidmətindən istifadə edən 10 milyonuncu sərnişin qeydə alınıb

"BakuBus" MMC-nin Gəncə şəhərində həyata keçirdiyi sərnişindaşıma fəaliyyəti çərçivəsində növbəti mühüm göstərici əldə edilib. Şəhər üzrə fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə daşınan sərnişinlərin sayı 10 milyon nəfərə çatıb.

10 milyonuncu sərnişin – Səməndər Həsənov Gəncə Avtobus Parkında qarşılanıb. Sərnişinə təşəkkürnamə və simvolik hədiyyələri onu mənzil başına çatdıran, 77 JZ 914 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Tural Verdiyev və "BakuBus"un nümayəndəsi tərəfindən təqdim edilib.

"BakuBus" 2025-ci ilin sentyabr ayından Gəncədə fəaliyyətə başlayaraq sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması və müasir xidmət standartlarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Layihə çərçivəsində şəhər üzrə 20 marşrut xətti istismara verilib, EURO 6 ekoloji standartlarına cavab verən 280 müasir avtobus sərnişindaşıma prosesinə cəlb edilib.

Eyni zamanda, sərnişinlər üçün rahatlığı artırmaq məqsədilə "CityCard" nağdsız ödəniş sistemi tətbiq edilib. Sərnişinlər gediş haqqını "CityCard" ödəniş kartı, "CityCard Azerbaijan" mobil tətbiqi, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" vasitəsilə asanlıqla ödəyə bilirlər.

Görülən tədbirlər nəticəsində Gəncə şəhərində ictimai nəqliyyata maraq əhəmiyyətli dərəcədə artıb və "BakuBus" qısa müddət ərzində etibarlı və müasir sərnişindaşıma operatoru kimi formalaşıb.

"BakuBus" Gəncə şəhərində sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və nəqliyyat sisteminin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Seçilən
11
4
far.az

5Mənbələr