Almaniya Kansleri Fridrix Merts Ukraynanın 1 yanvar 2027-ci ildən etibarən Avropa İttifaqına (Aİ) üzv olmasının mümkün olmadığını bildirib.
APA xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
“2027-ci il yanvarın 1-dən üzvlük istisna olunur. Bu, mümkün deyil”, - Merts deyib.
Kanslerin sözlərinə görə, Aİ-yə üzv olmaq istəyən hər bir ölkə əvvəlcə Kopenhagen meyarlarını yerinə yetirməlidir və bu proses adətən bir neçə il çəkir.
Bununla yanaşı, Merz vurğulayıb ki, Ukraynaya Aİ-yə üzvlüyə aparan real perspektivin təqdim olunması vacibdir.
Nəşr yazır ki, Almaniya hökuməti Ukraynanın Avropa yolunu siyasi baxımdan dəstəkləsə də, üzvlük prosesinin sürətləndirilməsinin hüquqi və institusional baxımdan mümkün olmadığını hesab edir.
Qeyd edək ki, Kopenhagen meyarları demokratiyanı, hüququn aliliyini, insan hüquqlarını və azlıqların müdafiəsini təmin edən sabit dövlət institutlarının mövcudluğunu, fəaliyyət göstərən bazar iqtisadiyyatının olmasını, həmçinin Avropa İttifaqının qanunvericiliyindən irəli gələn öhdəlikləri qəbul etməyə hazır olmağı əhatə edir.