Portuqaliyanın “Benfika” klubunun ukraynalı qapıçısı Anatoli Trubin UEFA Çempionlar Liqasında “Real Madrid”ə qarşı keçirilən oyunda möhtəşəm qola imza atıb.
Matçın son saniyələrində, 90+7-ci dəqiqədə hücuma qoşulan Trubin cərimə zərbəsindən ötürülən topu başla rəqib qapısına göndərərək hesabı müəyyənləşdirib. Bu qol “Benfika”ya 4:2 hesablı qələbə qazandırıb və komandanın turnirin pley-off mərhələsinə vəsiqə almasını təmin edib.
24 yaşlı qapıçının vurduğu bu qol oyunun taleyini həll etməklə yanaşı, Portuqaliya klubunu Çempionlar Liqasından kənarda qalmaq təhlükəsindən xilas edib.
Qeyd edək ki, “Benfika” pley-off mərhələsindəki rəqibini 30 yanvar, cümə günü keçiriləcək püşkatma zamanı öyrənəcək.