AZ

“TDT+” tarixi zərurətə çevrilir

Bu strategiya özündə yeni infrastrukturun özəl xüsusiyyətlərini ehtiva edir

Dünən utopiya kimi görünən ideyanın bu gün reallaşması heç də təsadüf sayıla bilməz. Zaman və dəyişən reallıq ən ağlasığmaz layihələrin həyata keçməsini şərtləndirən amillərdir.

“Atlantika Şurası Ermənistanın Türk dünyasına inteqrasiya olması üçün çalışır. 2025-ci ilin noyabrında Ermənistanın Türk Dövlətləri Təşkilatına (TDT) daxil olmasını təklif edən Qərb analitiklərinin “işıqlı zehnində” yaranan “parlaq fikirlər”dən danışmaq heç də yersiz görünməməlidir”. Amerikalı tanınmış ekspert Brianna Todd məqaləsində yer alan bu fikirlər maraqlı mühakimələrə yol açır. Todd daha sonra yazır: “Ermənistan da türkdilli dünyaya daxil olmalıdır”. Onu bu qənaətə gəlməyə sövq edən əsas amil ondan ibarətdir ki, rəsmi Ankara Ermənistana TDT-yə qoşulmağı təklif etməlidir. Müəllifin bu mülahizəsinə erməni jurnalist Sevak Akopyan sosial platformadakı paylaşımında qarşı çıxsa da, bu ideyaya pessimist yanaşsa da, sonda o da bu planın gerçəkləşəcəyinə şübhə etmədiyini yazıb: “Ermənistan hökumətinin Qərbyönümlü siyasəti onu gec-tez Türkiyə istiqamətinə aparacaq. Aydındır ki, Qərbin qurduğu pantürklük siyasəti (?) həm də Rusiyaya qarşı yönəlib. Buna görə də hələ də kiminsə sualları və şübhələri qalırsa, baş verənləri və səbəblərini anlamağa çalışmalıdır”.

Akopyanın düzgün vurğuladığı kimi, burada söhbət ilk növbədə səbəb(lər)in törətdiyi nəticələrdən gedir. Brianna Todd Atlantika Şurasında Ermənistanın etnik amil üzərində birləşmiş təşkilat olaraq TDT-yə inteqrasiyasını “itkin element” kimi konseptual olaraq əsaslandırır. Müəllib hesab edir ki, indi Atlantika Şurasının məqsədi TRIPP (Zəngəzur dəhlizi) vasitəsilə bu yeni mexanizmi gündəmə gətirməkdir.

Bəs, Atlantika Şurası yeni inteqrasiyanın mənzərəsini necə görür və bura konkret nələri əlavə edir? Toddinin məqaləsində oxuyuruq: “Əhalinin iqtisadi rifahı”. Məqalə müəllifi açıq şəkildə etiraf edir ki, TDT-yə inteqrasiya artıq başlayıb: “Azərbaycan öz ərazisindən Ermənistana taxıl və yanacaq daşınmasına şərait yaratmağa başlayıb. Bu isə daxili bazarda qiymətlərin 15 faiz aşağı salıb”.

Amerikalı ekspertin yazdıqlarına onu əlavə etməyi zəruri sayırıq ki, bölgədə və qlobal miqyasda yaranmış reallıq fonunda Türk Dövlətləri Təşkilatı yalnız ortaq etnik və mədəni köklərə əsaslanan birlik modeli kimi qəbul olunmamalıdır. TDT həm də siyasi suverenliklərin sinxronlaşdırıldığı, iqtisadi sinerji yaradıldığı və ortaq təhlükəsizlik müstəvisində strateji koordinasiyanın qurulduğu çoxölçülü platforma kimi ön plana çıxır. Toddinin yazdığı kimi, burada diqqət yalnız Ermənistana, onun TDT-yə üzv olub-olmayacağı məsələsinə fokuslanmamalıdır. Çünki bu təşkilat özündə artıq yalnız etnik-mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik modelini ehtiva edir.

Oxuculara xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə “TDT+” formatının təsis edilməsi haqqında qərar imzalanıb. Yəni bu o deməkdir ki, “TDT+” formatı sayəsində türkdilli olmayan başqa dövlətlərin də təşkilata qoşulması gözləniləndir. Əlbəttə, bu zaman konkret olaraq hansı ölkələrin bu strukturda yer ala biləcəyi maraq doğurur. Bu barədə rəylərini və proqznozlarını bölüşən bəzi ekspertlər hətta Rusiyanın bu təşkilatda müşahidəçi statusu almaq istəyini vurğulayırlar. “TDT+” strukturunun yaradılması digər dövlətlərin bu prosesə daha rahat qoşulmasına imkan yaradacaq. Belə olan halda həm əməkdaşlığın coğrafiyası genişlənəcək, həm də iqtisadi bazarı böyüyəcək. Nəticədə, təşkilatın bütün üzvləri üçün qarşılıqlı mənfəət formalaşacaq. Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallığını artırması danılmaz həqiqətdir. Bu amilin özü TDT-yə olan marağın daha da güclənəcəyini və onun coğrafiyasının genişlənəcəyini proqnozlaşdırmağa əsas verir.

Bəli, TDT hələlik yalnız türkdilli dövlətləri birləşdirsə də, mahiyyət etibarilə Türk dünyasına yaxın, onunla eyni strateji istiqaməti izləyən ölkələrin də bu formata daxil olması istisna olunmur. Bu kontekstdən yanaşıldıqda Tacikistan və Pakistan kimi dövlətlərin Türk dünyasına yaxınlığını qeyd etməliyik. Yaxın gələcəkdə bu ölkələrin “TDT+” formatına daxil olmaları ehtimalı həqiqət payından heç də xali deyil. Əslində, “TDT+” ideyası məhz bu məqsədlə irəli sürülüb. Aydın məsələdir ki, ilkin olaraq TDT regional əməkdaşlıq təşkilatı kimi düşünülmüşdü. Burada iştirak edən dövlətlərin müəyyənləşməsi etnik və etnoqrafik xüsusiyyətlərə görə aparılmışdı. Amma yazımızın əvvəlində qeyd etdiyimiz kimi, zaman və dəyişən reallıq yeni, müasir narrativləri gündəmə gətirir. Məhz bu kontekstdən çıxış edərək birmənalı şəkildə və əminliklə deyə bilərik ki, “TDT+” ideyası zamanın və reallığın tələbi ilə zərurətə çevriləcək.

İ.HƏSƏNQALA
XQ

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr