Beynəlxalq siyasi proseslərə münasibətdə Azərbaycan həmişə ədalətli mövqedə dayanır. Digər münaqişə bölgələrində olduğu kimi, Azərbaycan Suriyada da sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verir. Suriyada 2024-cü il 8 dekabr tarixində hakimiyyət dəyişikliyindən sonraAzərbaycanla Suriya arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranmışdır. On iki illik fasilədən sonra Azərbaycan Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyəti bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il fevralın 13-də Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən Azərbaycanın Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə dayanacağını bildirmişdir: “Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”.Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə 2024-cü il 30 dekabr tarixində Gürcüstan və Türkiyə əraziləri üzərindən daşınmaqla, Suriyaya qida və ərzaq məhsullarından ibarət humanitar yardım göndərdi. 200 ton humanitar yardımdan Suriyanın Hələb şəhərində 8 min məcburi köçkün ailəsi yararlandı.2025-ci il fevralın 15-də Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əş-Şaraaya göndərdiyi təbrik məktubunda Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verdiyini, Azərbaycanın Suriyaya lazımi dəstək və yardım etməyə hazır olduğunu bildirmişdi. Azərbaycanın dövlət başçısı Suriyanın prezidenti Əhməd əl-Şaraanı Azərbaycana səfərə dəvət etmişdi. Həmin il aprel ayının 11-də Antalya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüşdə Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu bildirdikdə, Əhməd Əş-Şaraa gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi. 2025-ci ilin avqustundan Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanıldı. Türkiyə üzərindən Suriyaya nəql olunan Azərbaycan qazı Suriyada təxminən 5 milyon evi enerji ilə təmin edir. Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın Suriyaya verdiyi qaz Suriyanın elektrik enerjisi çatışmazlığını gündə təxminən 4 saatadək azaltmaq imkanı verir. Azərbaycan Suriyaya enerji verilməsini artırmaq variantını nəzərdən keçirir.
Ramilə Dadaşova
Siyasi elmlər doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri