AZ

“Başa düşməlisiniz, bu oyunun axırı yoxdur!” Komitə sədrindən SƏRT XƏBƏRDARLIQ

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayan kimi, Azərbaycan əleyhinə qərəzli və heç bir əsası olmayan qətnamə qəbul edib. Ölkəmizə qarşı məkrli siyasət yürüdən qurum Azərbaycanın təmsil olunmadığı platforma çərçivəsində növbəti dəfə erməni separatizmini və erməni terrorçularını himayə etdiyini açıq şəkildə nümayiş etdirib.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, həmçinin Azərbaycan deputat qrupunun AŞ PA-dakı rəhbəri olmuş Səməd Seyidov Musavat.com-un mövzu ilə bağlı suallarını cavablandırıb:

- Səməd bəy, AŞ PA-nın qış sessiyası Azərbaycanın iştirakı olmadan keçirilsə də, Azərbaycana qarşı əsassız qətnamə qəbul olundu. Özü də erməni separatçılarının dərhal azad olunması tələbi qoyuldu. Strasburq ölkəmizdən nə istəyir?

- Məncə, bu suala ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti Davos Forumunda jurnalistin “Avropa Parlamentindən və AŞ PA-dan bu qədər ədalətsiz münasibət görürsünüz, siz buna necə münasibət bildirirsiniz”, sualına cavabında söylədi. Cənab Prezident dedi ki, biz artıq buna fikir vermirik. Çox təəssüflər olsun ki, onlar artıq mövcud olmayan dünyada yaşayırlar. Həmin Davos Forumunda yeni dünya, yeni nizam formalaşdığı halda, bunlar deyəsən, dünənki günlə əlləşirlər. Özü də elə əlləşirlər ki, heç o dünyadan da, yaratdıqları mühitdən də çıxa bilmirlər. Ona görə də cənab Prezident konkret olaraq dedi ki, axı, Azərbaycana qarşı ikili standtartlarla münasibət göstərən qurumların belə mənasız, iftira ilə dolu münasibətinə cavab verməyə ehtiyac da yoxdur. Ancaq hər bir halda onlar davam etdirirlər və özlərində güc tapıb, siyasəti də dəyişdirə bilmirlər. Məsələn, həmin Davos Forumunda müxtəlif ölkələrin rəhbərləri etiraf etdilər ki, artıq köhnə dünya mövcud deyil, biz yeni dünyanın formalaşması və onun inkişafı ilə bağlı fikir mübadiləsi aparmalıyıq. Biz artıq bəyan etdiyimiz dəyərlərin gücü ilə yox, gücün dəyəri ilə fəaliyyət göstərən dünyanı görürük. Biz bunu çoxdan demişik, ancaq təəssüflər olsun ki, AŞ PA yenə də utanmaz-utanmaz belə bəyanatlar verir. Biz öz mövqeyimizi konkret olaraq bildirmişik. Hesab edirəm ki, yenidən bu məsələyə qayıtmağın heç bir mənası yoxdur. Onlar özlərində güc tapıb, özlərini dəyişdirə bilmirlərsə, o, onların problemidir. Biz artıq dünyanı dəyişdirmişik, yeni reallığı yaratmışıq. Təcrübə göstərir ki, dünya yeni reallıqla hesablaşır, eyni zamanda AŞ PA və Avropa Parlamentinin qərarlarını heç bir səviyyədə qəbul etmir.

- Bu günlərdə AŞ PA-nın yeni prezidenti seçilsə də, qurumun Azərbaycana münasibəti dəyişmədi. Məqsəd-məram nədir ki, hətta Ermənistanın iddia etmədiyi “əsirlər” mövzusuna belə, bunlar istinad edirlər, Azərbaycana qarşı cinayətlər törətmiş separatçılara azadlıq istəyirlər?

- Həm AŞ PA, həm Avropa Parlamenti, həm də dünyanın ən aparıcı təşkilatı olan BMT bax, bu kimi addımlarla, biri qətnamələrin qəbul olunması, digəri - AŞ PA Azərbaycana qarşı gülünc bəyanatlar verəndə, yaxud da BMT məlum 4 qətnamənin yerinə yetirilməməsi misalında artıq dünyaya göstərdilər ki, bunlar çox ciddi kriz içərisindədirlər və bu krizdən çıxa bilmirlər. O dərəcədə çətin və sistemli krizin içərisindədirlər və ən böyük faciə də bundan ibarətdir ki, bunu görmürlər, görmək də istəmirlər. Ona görə ki, sakit bir yerdə oturublar, maaşlarını alırlar, özləri-özlərinə nə isə danışırlar, özləri özləri ilə hansısa əlaqələr qururlar, dünyadan xəbərləri yoxdur. Bu da faktiki Avropanın içərisində böyük bir sistem böhranının mövcudluğuna dəlalət edir. Ən gülünc vəziyyət bundan ibarətdir. Yenə də qayıdıram cənab Prezidentin çıxışına: Ermənistan Azərbaycanla əlaqələr qurur, Ermənistan öz prezidenti vasitəsilə Azərbaycana təşəkkürünü bildirir, “mən Azərbaycan Prezidentinin sözlərinə nə isə əlavə edə bilmərəm”, deyir, AŞ PA isə tamamilə boş-boş şeylərlə gündəmi doldurmaq istəyir. Bu, axı gülüncdür. Amma bu gülüncün içərisində bir əmma, bir hiylə də var. Bu hiylə ondan ibarətdir ki, bu nifrət, revanşizm toxumu, diasporanın fəaliyyəti hələ gündəmdən çıxmayıb. Bunlar özlərinə yaxşı bir yer tapblar, o yerin də adı AŞ PA-dır. Deməli, başqa bir yerdə, Ermənistanda, ABŞ-də, hansısa başqa bir ölkədə bacarmırlar, nə yaxşı, gedib özlərinə AŞ PA, ya Avropa Parlamentini tapıblar. Açıq - aydın şəkildə nümayiş etdirirlər ki, biz burda öz işlərimizlə - hansı işlərimizlə, aydındır, yiəni korrupsiya ilə məşğul olan təşkilat – məşğuluq.

- Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da AŞ PA prezidenti ilə görüşüb. Düzdür, rəsmi açıqlamada Azərbaycanla sülh prosesinin müzakirə olunduğu bildirilir. Ola bilərmi AŞ PA-nın anti-Azərbaycan qətnaməsində Ermənistan rəhbərliyinin də gizli qatqısı olsun?

- Ermənistan seçkilər ərəfəsində ikili oyun oynanılmasının nə dərəcədə xatalı olduğunu dərk eləməlidir. Onlar bu oyunu oynayacaqlarsa, iki stulda eyni zamanda oturub, bir masanın arxasında müzakirə etmək istəyəcəklərsə, bunun axırı heç də yaxşı qurtarmayacaq. Düşünürəm ki, Paşinyan hakimiyyəti və onun xarici işlər naziri, baxmayaraq ki, AŞ PA-da görüşlər keçirir, çıxışlar edir, ancaq başa düşürlər: Ermənistanın dövlətçiliyinin gələcəyi regionda ən güclü, yeni reallığı yaradan dövlət Azərbaycandır. Ona görə də öz çıxışlarında, rəsmi müraciətlərində ehtiyatlı olacaq. Ancaq heç kim istisna etmir ki, bunların ağlında nə isə var. Ona görə də biz hər şeyə hazır olmalıyıq.

- Bundan əvvəl Nikol Paşinyan da AŞ PA tribunasından bəzi məsələlərdən danışmışdı, hətta Zəngəzur dəhlizi ifadəsinə “ilişmişdi”. İndi də Mirzoyanın Strasburqda peyda olması suallar doğurur. Xüsusilə də Azərbaycanın olmadığı platformadan söhbət gedir...

- Düzdür, mən bu məsələni başa düşürəm. Nəinki Azərbaycanın, Qafqazın olmadığı. Orada Gürcüstan da yoxdur, Azərbaycan da. Bir Ermənistan var. Hər bir halda AŞ PA rəhbərliyi düşünməli idi ki, Qafqaz orda təmsil olunmayıbsa, Ermənistanı hansısa formada qabağa çəkib, orda onun təqdimatını keçirtmək siyasi cəhətdən düzgün deyil. Ancaq bunu edirlərsə, ilk qəbahət budur ki, bunu öz-özlüyündə həyata keçirirlər. İkincisi isə bu oyunda Ermənistanın iştirakıdır. Ermənistan unutmamalıdır ki, biz bunu çox gözəl başa düşürük. Siz bizim orda olmamağımızdan istifadə edib, hansısa mesajları çatdıracaqsınızsa, başa düşün ki, nəticədə sizin gələcəyiniz, mövcudluğunuz regionda qonşularla normal şəkildə əlaqələri qurmaq deməkdir. Biz bu prosesləri çox gözəl başa düşürük. Ona görə də siyasətimizi möhkəm tutmuşuq. Onlar hər hansı səviyyədə, hansısa təşkilatda çıxış etsələr də, nəyisə bəyan etsələr də belə, artıq dünyada tamamilə başqa proseslər gedir. AŞ PA o məkan deyil ki, - özləri gördükləri işlə sayəsində bu səviyyəyə çıxarıblar – orada hansısa həlledici məsələlər müzakirə predmeti olsun.

- Keçən ilin son ayında Avropa İttifaqı və Ermənistan arasında imzalanan sənəddə də ölkəmiz əleyhinə müddəalar var idi, eyni zamanda Avropa Parlamentinin anti-Azərbaycan qətnamə qəbul etməsini də xatırlayırıq. İndi də AŞ PA-da Azərbaycan əleyhinə qətnamənin qəbul olunması təsadüf sayıla bilməz. Baxmayaraq ki, Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib, amma AŞ PA bu faktı görməzdən gələrək, yenə də “23 əsir” iddiası ilə çıxış etdi. Özü də Ermənistan nümayəndə heyəti və Ararat Mirzoyan da bu saxtakarlığa reaksiya vermədi. Bunun özü rəsmi İrəvanın Avropa strukturlarının hazırladığı ssenarilərdə iştirakından xəbər vermirmi?

- Biz artıq çox gözəl başa düşürük: hələ Avropa strukturlarının içərisində erməni revanşizmi elə bir kök salıb, elə əlaqələr yaradıb ki, biz hər an hazır olmalıyıq, qətnamələrin qəbul olunmasına, bəyanatların səslənməsinə, digər hansısa qeyri-obyektiv məsələlərin gündəmə gətirilməsinə də...Biz illər boyu bunu görmüşük. Ancaq söhbət ondan gedir ki, bir neçə il öncə bunların qəbul olunması, imzalanması Azərbaycanın inkişafı, dünyada nüfuzu, dünyada apardığı siyasət üçün real təhlükə yaratdığı halda, indi bu kimi addımlar daha çox Ermənistanın gələcəyi üçün böyük təhlükə yaradır. Bax, prinsipial dəyişiklik bundan ibarətdir. Əvvəllər bunların apardığı siyasət Azərbaycanın hansısa formada siyasətini dəyişdirməyə, mövcud yerini hansısa şəkildə ağağılamağa, təsir göstərməyə yönəlmişdisə, indi bunların siyasəti bir balaca fərqlidir. Azərbaycanı nəzərdə tutduqları halda, Ermənistanın siyasətini dəyişdirmək istəyirlər. Bunlar istəyirlər Ermənistan tamamilə fərqli bir istiqamətdə hərəkət etsin, birinin forpostluğundan çıxıb, o birinin forpostuna çevrilsin. Əslində isə Ermənistanın siyasəti forpostluq yox, müstəqillik, suverenlik siyasəti olmalıdır.

- Paşinyan necə deyərlər, qulaqlarını açıb, bu xəbərdarlıqları eşitməli, yanlışlarını düzəltməlidir, elə deyilmi?

- Əlbəttə. Ona görə də biz bu gün daha çox Avropanın hansısa lobbilər tərəfindən satın alınmış insanlara yox, birbaşa Paşinyana və onun komandasına birbaşa müraciət edirik ki, bu gün Azərbaycan yolları açır, dəstək verir, Ermənistanın dövlətçiliyi üçün çox vacib addımlar atır. Nəyə görə? Ona görə ki, siz başa düşməlisiniz, iki oyunun axırı yoxdur! Bir dəfə bu oyunu oynadınız, nəticədə nələr baş verdi, çox gözəl gördük. İndi də yenidən hansısa formada, hansısa qüvvələrin alətinə çevrilib, regionda sabitliyi pozmaq cəhdləri heç cür yaxşı qurtarmayacaq! Ona görə də yeganə çıxış yolu regionda səmimi, açıq, dürüst siyasət aparmaqdır və Azərbaycanla, Türkiyə ilə əlaqələri normal şəkildə qurmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
moderator.az

2Mənbələr