AZ

Region universitetlərində magistratura: plan yerləri dolurmu?

Azərbaycanda bakalavr təhsilini başa vuran gənclərin bir qismi magistratura təhsilinə xüsusi önəm verir və bu mərhələni akademik və peşəkar inkişaf baxımından vacib hesab edir. Lakin təhsil ictimaiyyətində tez-tez səsləndirilən fikirlərə görə, ölkəmizdə magistratura təhsili bir çox hallarda bakalavr səviyyəsindən mahiyyət etibarilə ciddi şəkildə fərqlənmir.

Bu yanaşma xüsusilə paytaxt universitetləri ilə bağlı irəli sürülsə də, region universitetlərində magistratura təhsilinin mövcudluğu və real vəziyyəti də maraq doğurur.

Məhz bu kontekstdə 2025-2026-cı tədris ilində region universitetlərində magistratura üzrə ayrılan plan yerlərinin sayı və həmin yerlərin doluluq səviyyəsi diqqət mərkəzinə çıxır.

AzEdu.az mövzu ilə bağlı region universitetləri arasında sorğu keçirib.

Mingəçevir Dövlət Universitetindən (MDU) sorğumuza cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ili üçün universitetdə magistratura səviyyəsi üzrə ümumilikdə 204 plan yeri ayrılıb. Qəbul prosesinin nəticələrinə əsasən, həmin yerlərdən 176-sı dolub.

Azərbaycan Texnologiya Universitetindən (ATU) isə bildirilib ki, 2025-2026-cı tədris ili üzrə magistratura səviyyəsinə 173 plan yeri ayrılıb. Sözügedən tədris ilində ATU-nun magistraturasına 116 nəfər qəbul olunub. Qəbul prosesi ümumilikdə 18 ixtisas üzrə aparılıb.

Bununla yanaşı, paytaxt universitetlərinin regionlarda fəaliyyət göstərən filiallarına da sorğu ünvanlanıb. Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, universitetin region filiallarında magistratura təhsili mövcud deyil.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında isə əvvəlki illərdə magistratura təhsili mövcud olsa da, hazırda bu səviyyədə tədris aparılmır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət UniversitetiGəncə Dövlət Universiteti sorğumuza cavab verməyib.

Seçilən
20
azedu.az

1Mənbələr