AZ

Şəhərlərimizin özünəməxsus siması formalaşır

Müasirliklə tarixilik vəhdət yaradır

Ölkəmizin ərazisindəki tarixi memarlıq abidələri ilə həmişə fəxr edib öyünmüşük. Məlumdur ki, bəşər sivilizasiyasının ilkin meydana gəlmiş qədim məskənlərindən biri də Azərbaycandır. Bu fakt onu təsdiqləyir ki, insanların yaşaması üçün ölkəmizin ərazisində təbii şərait olub. Burada yaşamış insanlar başqa sahələrlə yanaşı, memarlıq sənətinin də bünövrəsini qoymuşlar, bir-birinə bənzəməyən mədəniyyət abidələri yaratmışlar. Aparılmış arxeoloji qazıntıların nəticələri də göstərmişdir ki, Azərbaycanda tarixən yaşamış insanlar zamanla yaradıcılıqla məşğul olmuş, özlərindən sonrakı nəsilləri heyran edən memarlıq abidələri tikmişlər. Bu sənətin yaranması şəhərsalma sahəsinin inkişafına böyük təkan vermiş, onu irəli aparmışdır.

İpək yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi tanınan Azərbaycan daha çox Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr qurmuşdur. Bu əlaqələrin nəticəsində iri şəhərlərimizin özünəməxsus siması formalaşmışdır. Formalaşma prosesində memarlıq abidələri də müstəsna rol oynamışdır. Şəhərsalma və memarlıq sənətinin bənzərsiz ənənələri bir çox müsbət xüsusiyyətlərini indi də qoruyub saxlamaqdadır.

Yaşadığımız günlərədək gəlib çatmış qala şəhərlər, bir-birinə bənzəməyən memarlıq abidələri qədim tariximizin daş yaddaşıdır, dünənindən xəbər verən pozulmaz izdir. Texnikanın olduqca zəif inkişaf etdiyi dönəmlərdə inşa olunan və hələ də memarlıq əhəmiyyətini qoruyub saxlayan, gözəlliyi ilə insanları heyran edən tikililər əcdadlarımızın hələ min illər bundan əvvəl yaradıcılıq təxəyyülünün yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin əsrlərin sınağından çıxmış zəngin tarixi var. 

 Azərbaycanda şəhərsalma sahəsinin tərəqqisi, müasir infrastrukturun qurulması və bölgələrin sistemli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Ümummilli Liderin 1969-cu ildən 1982-ci ilə qədər respublikamıza rəhbərlik etdiyi dövrdə, eləcə də 1993-2003-cü illərdə Bakı və digər şəhərlərin siması əsaslı surətdə dəyişmişdir. Həmin illər ərzində 250-dən çox zavod, fabrik və yüzlərlə sosial obyektin tikilərək istifadəyə verilməsi şəhərsalma işlərini xeyli dərəcədə sürətləndirmiş, Bakının görkəmini gözəlləşdirmişdir.

 Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəlliyi ilə bir-birindən fərqlənən binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirmişdir. "Dünya, ümumiyyətlə, quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib", - deyən Ümummilli Lider şəhərsalma, memarlıq və inşaat sahəsində də böyük tərəqqi əldə edilməsinə xüsusi önəm vermişdir. Məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində paytaxtımızda və digər şəhərlərimizdə memarların yüksək ustalığını göstərən ictimai və yaşayış binaları tikilmiş, parklar, memarlıq ansamblları salınmışdır. 

Əvvəlki illərdə olduğu kimi, hazırda da Azərbaycanda şəhərsalma və infrastruktur layihələri müasir standartlara uyğun şəkildə həyata keçirilir, şəhərsalma və memarlıq işlərinə xüsusi diqqət yetirilir. Məhz elə bunun nəticəsidir ki, ilk həftələrini yaşadığımız 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bununla bağlı Prezident İlham Əliyev 22 dekabr 2025-ci ildə sərəncam imzalamışdır. 

Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi təsadüfi deyil. Bildiyimiz kimi, 2024-cü ildə respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 böyük uğurla keçirildi. 2026-cı il 17-22 may tarixlərində isə Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, yenə də dünyanın nəzərləri Azərbaycana dikiləcək. Çünki müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq, ən mühüm qərarlar burada qəbul olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında imzaladığı sərancamda işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və şəhərsalma işləri də xüsusi olaraq vurğulanır. Sərəncamda qeyd olunur ki, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada "yaşıl enerji" zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi milli iradənin təzahürüdür.

İşğaldan azad edilmiş ərazilərdə bir-birindən gözəl yeni şəhər və kəndlər salınır. Hərtərəfli şəraiti olan yaşayış məntəqələri "ağıllı şəhər" və "ağıllı kənd" layihələri əsasında tikilir. Salınan şəhər və kəndlərin memarlıq görkəminə də xüsusi diqqət yetirilir.

2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasının çox böyük tarixi əhəmiyyəti var. İnanırıq ki, bu il sərəncama uyğun olaraq ölkəmizdə müasir memarlıq və şəhərsalma layihələri daha da sürətlə icra olunacaq. Ölkəmizin şəhər və kəndlərinin görkəmi dəyişəcək, gözəlləşəcək, yeni tikiləcək memarlıq nümunələri könül oxşayacaq, ürək açacaq. Müvafiq layihələrə uyğun olaraq inşa ediləcək binalar,  ölkəmizdə şəhərsalma və memarlıq sənətinə yeni nəfəs gətirəcək, inkişafına güclü təkan verəcək. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr