"...keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Xarici siyasətdə həlledici mərhələ
Azərbaycanın xarici siyasətinin dinamik inkişaf etdiyi və mövcud siyasi, geosiyasi çağırışlara qətiyyətlə cavab verdiyi barədə fikirlər artıq dünyada birmənalı qəbul edilir. Xüsusilə Azərbaycan Ordusunun Zəfəri ilə bitən Vətən müharibəsindən keçən 5 il göstərdi ki, Prezident İlham Əliyevin xarici siyasətin cari və strateji prioritetlərini müəyyən etməsi konseptual baxımdan dərin düşünülmüş və əsaslandırılmış, siyasi reallıqlar kontekstində isə dövrün tələblərinə uyğunlaşdırılmış yaradıcı prosesdir. Buna görədir ki, ekspertlər regional miqyasda və hətta türk dünyası səviyyəsində əsas siyasi və geosiyasi dinamikanı müəyyən etmək üçün təməl faktorlardan biri kimi Azərbaycanın xarici siyasətinin ümumi məzmununa istinad edirlər.
Hazırda Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət kursu çox sürətli və yüksək dinamika ilə fərqlənir. Bu fonda dövlət başçısının ifadə etdiyi fikirlər yeni tarixi mərhələnin əsas prinsipləri kimi qiymətləndirilir. Bu baxımdan, Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə söylədiyi fikirlər çox böyük maraq doğurmuşdur. Ölkə rəhbəri xarici siyasətin əsas məqamları ilə bağlı çox aktual tezislər irəli sürmüşdür.
Bu kontekstdə Prezident İlham Əliyevin bir neçə fikrinə nəzər salaq. Azərbaycan lideri müsahibəsində vurğulamışdır: "...keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu".
Bu fikirlərdə xarici siyasət kontekstində çox aktual olan üç mühüm məqam ifadə edilmişdir. Əvvəla, Azərbaycanın xarici siyasətinə tarixi rakursda yanaşma özünü göstərir. Müstəqillik əldə edilənə qədərki dövrü siyasi və geosiyasi kontekstdə ümumiləşdirilmiş şəkildə "Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır" kimi qiymətləndirmək xüsusi məna daşıyır. Ölkə rəhbəri Azərbaycanın dövlət kimi tarixinin bir aspektini ifadə edir və bunun fonunda müstəqil olmağın əhəmiyyətini vurğulayır.
İkincisi, dövlət başçısı xüsusi olaraq müstəqillik illərində müharibə mərhələsindən sülh dönəminə keçidin prinsipial tarixi hadisə olduğunu qeyd edir. Burada "müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr" keçidlərindən sonra sülh şəraitinin yaranması önə çəkilir.
Üçüncüsü, "sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik" tezisi dahiyanə bir yenilikdir. Əlbəttə, burada Prezident İlham Əliyev müstəqil dövlət kimi uğur qazanmaq üçün sülh şəraitində hansı addımların və necə atılmalı olduğunu müəyyən etməyi önə çəkir. Bu yazının məzmununda həmin tezis mərkəzi yer tutur. Yəni qısa bir fikirdə ifadə edilən mükəmməl məna işığında müharibədən sonrakı mərhələdə uğurlu müstəqil dövlət quruculuğu prosesinin müxtəlif aspektləri böyük aktuallıq kəsb edir. Burada siyasi, mədəni, iqtisadi, geosiyasi, hərbi, ekoloji və digər sferalarda sistemli və davamlı fəaliyyətin müxtəlif tərəflərinin tədqiqi çox vacibdir.
Həmin kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikirləri olduqca əhəmiyyətlidir. Dövlət başçısı vurğulanan müsahibəsində demişdir: "...Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın birnömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək".
Son dövrlərdə ekspertlərin tez-tez işlətdiyi "TRIPP" (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu), yəni Zəngəzur dəhlizi məsələsinə ölkə rəhbərinin yuxarıda vurğuladığımız fundamental tezislərinin işığında nəzər salmaq daha faydalı olardı.
TRIPP-ın tarixçəsi
"TRIPP" ingiliscə "Trump Route for International Peace and Prosperity" ifadəsinin qısa adıdır. Mənası "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur. Bu ifadəyə 2025-ci il 8 avqust tarixində Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə paraflanmış Azərbaycan-Ermənistan sülh sazişinin mətnində rast gəlinmir. Ancaq həmin sənədin 10-cu maddəsində qeyd edilmişdir: "Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər". "TRIPP" abreviaturası "aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar"ın bağlanması imkanı sayəsində meydana gəlmişdir. Belə ki, avqustun 8-də Azərbaycan və ABŞ prezidentlərinin və Ermənistanın Baş nazirinin Vaşinqtonda keçirilən görüşünün nəticəsi olaraq Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamənin 3-cü və 4-cü bəndlərində vurğulanmışdır:
"3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik".
Nəhayət, 2026-cı il yanvarın 13-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri A.Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio arasında keçirilən görüşün nəticəsi olaraq "TRIPP İcra Çərçivəsi" (TRIPP Implementation Framework - TIF) imzalanmışdır.
Hazırda müxtəlif dairələrdə, o cümlədən analitik və ekspert cameələrində Tramp marşrutu - Zəngəzur dəhlizinin fərqli aspektlərdə təhlili aparılmaqda və müəyyən proqnozlar verilməkdədir. Bunun əsas səbəbi Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbədən sonra regionda aparıcı rol oynamasıdır. Çünki bu qələbə Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişmiş, ona yeni pozitiv dinamika vermişdir. Məhz bu qələbə Ermənistanı sülh sazişi üzərində daha ciddi düşünməyə məcbur etdi və eyni zamanda onun havadarlarının yaranmış vəziyyəti qəbul etmələrinə əsas təkan oldu.
Bunlarla yanaşı, TRIPP məsələsinə marağın artmasında Azərbaycanın enerji və nəqliyyat-logistika sferalarında apardığı müstəqil, qətiyyətli və əməkdaşlığa istiqamətlənmiş sistemli siyasəti də ciddi rol oynadı.
Nəhayət, müxtəlif beyin mərkəzləri və ekspertlər TRIPP-lə bağlı bir sıra siyasi və geosiyasi məqamların təhlilini aparırlar. Bu kontekstdə bəzi məsələlərin üzərində dayanmaq lazım gəlir.
Yanaşmalar fərqlidir və geosiyasi aspektdə məsələnin müxtəlif tərəflərinin təhlilini əhatə edir. Bununla belə, bütövlükdə götürüldükdə, TRIPP-ın regional və qlobal geosiyasi miqyaslarda mövcud vəziyyəti xeyli dəyişəcəyi tezisi üstünlük təşkil edir. Məsələnin bu tərəfi də çoxsaylı detallarla zəngindir və politoloji baxımdan bir sıra maraqlı və aktual məqamları ön plana çıxarır.
İnfrastruktur diplomatiyası
"İnfrastruktur diplomatiyası" anlayışı XXI əsrdə işlənməyə başlamışdır. Onun mənbəyi Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin demokratiya üzrə dördtərəfli dialoq platforması yaratmaq təşəbbüsündən qaynaqlanır. 2008-ci ildə bu mexanizm fəaliyyətini dayandırmış, lakin 2017-ci ildə "Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq" (QUAD) formatında bərpa edilmişdir. Bu formata ABŞ, Yaponiya, Avstraliya və Hindistan daxildir.
Ekspertlər həmin formatın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə alternativ kimi formalaşdırıldığını vurğulayırlar. QUAD-ın fəaliyyət fəlsəfəsi Çin modelindən fərqlənir. Belə ki, Quad, əsasən, ayrı-ayrı bölgələrdə (məs., Cənubi və Cənub-Şərqi Asiya, Afrika və b.) lokal infrastrukturların yaradılmasına üstünlük verir. Əsas məqsəd isə infrastrukturun yaradıldığı məkanlarda təhlükəsizliyin və sabitliyin təmin olunmasıdır. Mütəxəssislər yazırlar ki, QUAD-ın infrastruktur diplomatiyası Hind-Sakit okean regionunda geostrateji rəqabətin yeni sahəsinə çevrilməkdədir.
Lakin burada bir özəllik vardır. QUAD-ın infrastruktur diplomatiyasında sistemlilik və müxtəlif lokal sferalar arasında dayanıqlı bağlantı çox zəifdir. Məsələn, 2017-ci ildə QUAD üzvləri infrastrukturun keyfiyyətcə inkişafı və regiondaxili əlaqələrin daha da yaxşılaşdırılması ilə bağlı niyyətlərini bəyan etdilər. 2018-ci ildə isə ABŞ, Yaponiya və Avstraliya arasında qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Bunun sayəsində, ABŞ layihələrə 110 milyard dollardan çox, Yaponiya isə 50 milyard dollardan artıq vəsait yatırmışlar. Bu layihələr Asiya, Okeaniya və Afrika ölkələrini əhatə edir. Lakin daha çox "nöqtəvi layihələr" xarakteri daşıyan bütün bu proqramları vahid layihədə birləşdirmək və eyni məqsədə yönəltmək çox çətindir.
Çinin siyasətində infrastruktur diplomatiyası fərqli məzmuna malikdir. Pekin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində infrastrukturların yaradılması ilə onların həmin layihə çərçivəsində əlaqələndirilməsi imkanlarına da diqqət yetirir. Burada Pekinin infrastruktur diplomatiyası bir-biri ilə coğrafi bağlantısı olan geniş geosiyasi məkanı, müxtəlif regionları və onların potensialını əhatə edir.
Bu istiqamətdə infrastruktur diplomatiyasının detalları üzərində dayanmaq imkanı yoxdur. Vurğulanan xüsusiyyətlər fonunda beyin mərkəzləri və ekspertlərin TRIPP-ı infrastruktur diplomatiyası kimi necə xarakterizə etdiklərinə nəzər salaq.
İnfrastruktur diplomatiyasının nümunəsi
Ekspertlərin bu qiymətləndirməsi Azərbaycanın xarici siyasəti kontekstində Cənubi Qafqazın geosiyasi transformasiyası baxımından çox maraqlı və aktualdır. Çünki mütəxəssislər TRIPP-ı infrastruktur diplomatiyası nümunəsi kimi qiymətləndirərkən qlobal geosiyasi reallıqla regional geosiyasi reallığın qarşılıqlı əlaqəsini nəzərə alırlar.
Bu məqam əsassız deyildir. Çünki Azərbaycanın xarici siyasətinin təsiri nəticəsində Zəngəzur coğrafi məkan və sözügedən dəhliz nəqliyyat məkanı olaraq infrastrukturun keyfiyyəti ilə onun funksional imkanlarını vahid məntiqi sahədə birləşdirir. TRIPP Azərbaycanın praqmatik, müstəqil, prinsipial xarici siyasət kursunun birbaşa nəticəsidir. Doğrudan da, əgər rəsmi Bakı müstəqil siyasətində qətiyyətli olmasaydı, Zəngəzur məsələsi qlobal güclərin siyasi gündəmində dayanıqlı aktuallıq kəsb etməzdi. Digər tərəfdən, TRIPP-ın meydana gəlməsi ilə bağlı yuxarıda vurğuladığımız faktlar göstərir ki, məhz Azərbaycanın müstəqil və qətiyyətli mövqeyindən kənara çəkilməməsi Amerika diplomatiyasını terminoloji improvizasiyaya məcbur etmişdir. Bununla isə mahiyyət dəyişmir: Zəngəzur dəhlizi məzmun, mahiyyət və funksiya baxımından Azərbaycanın təklif etdiyi formalaşma fəlsəfəsi çərçivəsində açılır.
Bununla bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidanın aşağıdakı sözləri çox mətləblərdən xəbər verir. H.Fidan İstanbulda ilin yekunlarına dair mətbuat konfransında demişdir: "Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq. Azərbaycanı Naxçıvana quru yolu ilə bağlayacaq bu dəhliz həm Orta dəhliz, həm də Türkiyənin türk dünyasına açılması baxımından olduqca mühümdür".
Vurğulanan xüsusiyyətlərin məntiqi daxilində ekspertlər TRIPP-ı müasir beynəlxalq sistemdə baş verən struktur dəyişikliyinin təzahürlərindən biri kimi xarakterizə edirlər. Bu dəyişiklikdə infrastruktur "hakimiyyətin mərkəzi aləti"nə çevrilir. Həmin kontekstdə "infrastruktur realizmi" anlayışının siyasi diskursa daxil edilməsi elmi-politoloji maraq doğurur. Onun fonunda geoiqtisadi dəhlizlərin, nəqliyyat qovşaqlarının və rəqəmsal şəbəkələrin əvvəlki hərbi-siyasi alyansların substantiv və funksional analoquna (eyni təsir gücünə malik olmaq, geosiyasi məsələlərdə ciddi rol oynamaq, adekvat olmaq və s.) çevrilməsi əhəmiyyətli bir yenilikdir.
TRIPP-ın institusional strukturlaşması
Bu, politoloji baxımdan düşündürücü təzahürdür. Burada TRIPP-ın tranzaksion kommunikativlik çərçivəsində institusionallaşması məsələsi praktiki müstəvidə qoyulmuşduir. İnstitusional strukturlaşma qarşılıqlı əlaqələrin tranzaksion modeli üzrə baş verir. Yəni, birincisi, TRIPP tərəflər üzərinə hüquqi öhdəlik qoymur, ikincisi, elə prosedur qaydaları yaradır ki, siyasi qətnamələr "idarəedici reallaşma" imkanı əldə edir. Bu yanaşma xarici siyasətdə praqmatizm və nəticəverici qarşılıqlı əlaqələr şəbəkəsinin formalaşmasına xidmət edir.
Tərəflər TRIPP-ın reallaşmasında üzərlərinə hər hansı hüquqi öhdəlik götürmürlər. Bu məqam geosiyasi aspektdə maraqlı yenilikdir. Digər tərəfdən, iştirakçı ölkələrin tranzaksion fəaliyyətinin ön sıraya çıxacağını proqnozlaşdırmaq olar. Bu isə o deməkdir ki, layihənin həyata keçirilməsində ölkələr arasında praktiki olaraq çoxaspektli qarşılıqlı əlaqəli fəaliyyətlər olacaqdır. Əsas faktor bu cür fəaliyyətlər nəticəsində hər kəsi qane edən işgüzar münasibətlər mühitinin yaradılması ilə bağlıdır.
Deməli, söhbət, faktiki olaraq, dinamik inkişafa geniş imkanlar açan bir strukturlaşmadan gedir. Hər bir mərhələdə vəziyyət konkret dövlətin fəaliyyətindən, onun təşəbbüskar və qurucu potensialından asılı olacaqdır. Bu o deməkdir ki, Ermənistan tərəfinin tez-tez ifadə etdiyi "suverenlik", "nəzarət", "icazə alınması" və s. kimi məfhumlar daha çox texniki xarakterli prosedurlara aid olacaq. Mahiyyətcə, prosesdə hansı dövlətin verə biləcəyi keyfiyyət yenilikləri əsas götürüləcək? Bu baxımdan, Azərbaycanın hansı şansları vardır?
TRIPP-ın formalaşması kontekstində Azərbaycanın xarici siyasətinin qarşıdakı mərhələ üçün çox vacib bir özəlliyinin cizgiləri özünü göstərməyə başlayır. Ölkənin xarici siyasəti yeni funksional və institusional keyfiyyətlər əldə etməyə istiqamətlənmişdir. Ekspertlər bunu "qarşılıqlı əlaqələr və dayanıqlılıq standartlarını formalaşdıran sistem subyektliyi" kimi xarakterizə edirlər.
Bu qiymətləndirmə regional və qlobal miqyasda müstəqil dövlətin xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi baxımında çox əhəmiyyətlidir. Çünki burada, birincisi, "sistemlilik subyekti" ifadəsi milli və regional miqyasdan daha geniş geosiyasi məkanda fəaliyyəti ifadə edir. Konkret olaraq, söhbət TRIPP-ın beynəlxalq layihənin əsas idarəetmə və reallaşdırılma strukturlarından biri kimi mövcudluğu və fəaliyyət fəlsəfəsi çərçivəsində Azərbaycanın üzərinə düşən geosiyasi funksiyanın reallaşmasından gedir. Bu səviyyədə müstəqil Azərbaycan dövlətinin "sistem subyekti" olması xüsusi anlam kəsb edir. Məsələyə məhz bu prizmadan baxdıqda, digər məqamın aktuallığı aydınlaşır.
İkincisi, Azərbaycan sistem subyekti kimi "qarşılıqlı əlaqələr və dayanıqlılıq standartları"nı formalaşdırmalıdır. Bu isə artıq TRIPP-ın formalaşmasının yeni fəlsəfəsi çərçivəsində Azərbaycanın yerinə yetirməli olduğu missiyanın məzmunu ilə bağlıdır. Çünki "qarşılıqlı əlaqələr" və "dayanıqlıq standartları" dinamik yeniləşən, lakin dəqiq strateji hədəfi olan ortamda müəyyən edilməlidir. Yəni qarşıya qoyulan və xarici siyasətin prioritetlərindən biri kimi qiymətləndirilə bilən həmin funksiya infrastruktur diplomatiyasının əsas rollarından birini yerinə yetirməlidir.
Burada başqa, bir mühüm geosiyasi məqam da ortaya çıxır. Ümumi səviyyədə qarşılıqlı faydalılıq prinsipi üzrə davamlı fəaliyyət göstərilməsinə nail olmaq çox vacib şərtdir. Çünki bu, iştirakçıların bərabərhüquqlu əməkdaşlıq etməsinin bazasını təşkil edir. Tramp marşrutu - Zəngəzur dəhlizinin ümumi səmərəverici işgüzar ruhunu daim qoruyub saxlamağa çalışmaq zəruridir. Çünki ekspertlərin də vurğuladığı kimi, TRIPP "institusional olaraq unikal nəqliyyat dəhlizi kimi Cənubi Qafqazda suverenlik və strateji qarşılıqlı asılılığın aləti" funksiyasını yerinə yetirməlidir. Nəzəri baxımdan bu, idarəolunan bağlılığın amerikan modelini regionun geosiyasi mənzərəsinə "yükləmək" anlamına gəlir.
Məsələnin bu şəkildə qoyuluşu daha geniş təhlil tələb edir. Çünki söhbət müstəqil Azərbaycanın qlobal səviyyədə həlledici rola malik olan bir güclə bərabərhüquqlu və nəticəyə hesablanmış siyasi fəaliyyətdə sinxron davranmasından gedir. Həm də bu vəzifə TRIPP-ın institutlaşma və funksionallaşma özəllikləri kontekstində xarici siyasətin dayanıqlı əlamətlərindən biri kimi reallaşmalıdır.
Beləliklə, Zəngəzur dəhlizinin praktiki işləməsində Azərbaycanın fəal rol oynayacağı tam aydındır. Azərbaycan bütün aspektlərdə bu cür məsuliyyətli aparıcı rolu uğurla yerinə yetirməyə hazırdır. Ölkəmizin xarici siyasətinin prioritetlərinin məzmunu bu tezisi əsaslandırmağa imkan verir. Həmin prioritetlərdə göstərilir ki, Azərbaycan xarici siyasətdə sülhə, əməkdaşlığa, təhlükəsizliyə və qarşılıqlı faydalı əlaqələrin inkişafına üstünlük verir. Bu prinsiplər Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində həyata keçirdiyi xarici siyasətin əsas məqamlarından birini təşkil edir. Şübhəsiz ki, onlar həm də Zəngəzur dəhlizi və onun çərçivəsində TRIPP marşrutunun açılmasında da əsas yer tutacaqlar.
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert