AZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Xəbər verdiyimiz kimi, ABŞ dolları əsas valyutalara qarşı son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Məlumata görə, Bloomberg Dollar Spot İndeksi (BBDXY) çərşənbə axşamı 0,4 faiz düşərək 2022-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə çatıb. Bildirilir ki, dollar xüsusən də Yaponiya yeninə qarşı ən kəskin şəkildə ucuzlaşıb.

Görünən odur ki, ABŞ valyutası ardıcıl dördüncü gündür ucuzlaşmaqda davam edir.

Bu vəziyyətdə manatı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, ABŞ dollarının qlobal bazarlarda zəifləməsi avtomatik olaraq manatın möhkəmlənəcəyi anlamına gəlmir:

“Çünki manat sərbəst üzən valyuta deyil və onun məzənnəsi əsasən Azərbaycan Mərkəzi Bankının siyasəti, neft gəlirləri və ölkənin tədiyə balansı ilə müəyyən olunur”.

Ekspert qeyd edir ki, hazırkı şəraitdə dolların beynəlxalq miqyasda ucuzlaşması manata psixoloji baxımdan təzyiqi azalda bilər:

“Amma bu, manatın dollara qarşı bahalaşmasına səbəb olacaq qədər güclü amil sayılmır. Azərbaycan Mərkəzi Bankı uzun müddətdir məzənnə sabitliyini prioritet kimi saxlayır və nə yuxarı, nə də aşağı müstəvidə kəskin dəyişikliklərdə maraqlı deyil”.

Müsahibimiz hesab edir ki, neft qiymətləri nisbətən stabil qaldığı və ölkəyə valyuta axını davam etdiyi müddətdə manatın ucuzlaşması üçün hər hansı bir ciddi əsas görünmür:

“Eyni zamanda, manatın nəzərəçarpacaq dərəcədə möhkəmlənməsi də real deyil, çünki bu, ixrac və büdcə balansı baxımından məqsədəuyğun sayılmır”.

Manatın məzənnəsi sabit qalacaq.

İqtisadçının fikrincə, ən real gözlənti manatın dollara nisbətdə yaxın müddətdə indiki səviyyədə qalmasıdır:

“Yəni dollar qlobal bazarlarda zəifləsə belə, daxili bazarda manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media  

Seçilən
40
1
bizim.media

2Mənbələr