AZ

Vaşinqtonda 67 nəfərin öldüyü aviaqəza uçuş trayektoriyası dəyişdiyi üçün baş verib

BAKI, 29 yanvar. TELEQRAF

Ötən il Vaşinqtonda 67 nəfərin ölümü ilə nəticələnən aviaqəza helikopter marşrutunun sərnişin təyyarəsinin uçuş xətti üzərində yerləşdirilməsi səbəbindən baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" nəşri ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədri Cennifer Homen­diyə istinadən məlumat yayıb.

Homen­dinin sözlərinə görə, istintaq hadisənin 100 faiz qarşısı alına bilən olduğunu müəyyən edib.

“Bu helikopter marşrutu ümumiyyətlə orada olmamalı idi”, - deyə o vurğulayıb.

O, həmçinin bildirib ki, ABŞ hava limanlarında dispetçerlər tez-tez normadan artıq işləyir və bu səbəbdən ekipajlar ətraf maneələri müstəqil şəkildə izləmək məcburiyyətində qalır. Qəza ərəfəsində Ronald Reyqan adına hava limanında dispetçer əlavə kömək olmadan, beş saatlıq növbədən sonra eyni anda beş helikopteri və altı təyyarəni idarə etməli olub. Toqquşmadan 18 dəqiqə əvvəl isə idarəetmə qülləsindən mümkün toqquşma barədə doqquz dəfə xəbərdarlıq edildiyi bildirilir.

Homen­dinin fikrincə, ABŞ hava limanlarında təhlükəsizliyi təyyarə və helikopterlərin bir-birinin hərəkətini izləməsinə imkan verən mövqe izləmə sensorlarının tətbiqi ilə əhəmiyyətli dərəcədə artırmaq olar.

2025-ci ilin yanvarın 29-da Ronald Reyqan adına hava limanı yaxınlığında "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ quru qoşunlarına aid “Black Hawk” helikopteri ilə havada toqquşub. Təyyarədə olan 64 nəfərin hamısı və helikopterdəki 3 hərbçi həlak olub. Qurbanlar arasında 28 fiqurçu, məşqçi və ailə üzvü, o cümlədən Rusiya yığmasının tərkibində 1994-cü il dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov, həmçinin sovet fiqurçusu İnna Volyanskaya da olub.

Seçilən
67
teleqraf.com

1Mənbələr