Cəmiyyətdə nikahın qeydə alınması zamanı şahidlərin mütləq iştirakının tələb olunduğu barədə geniş yayılmış yanlış təsəvvür var. Əslində, nikahın dövlət qeydiyyatı zamanı şahidlərin iştirakı məcburi deyil. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsində açıq şəkildə əksini tapıb.Metbuat.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, nikah yalnız müvafiq icra hakimiyyəti orqanında (ASAN Xidmət və ya qeydiyyat şöbələri) dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvə qazanır. Bu prosesdə əsas şərt nikaha daxil olan şəxslərin şəxsi iştirakı və qarşılıqlı razılığıdır. Şahidlərin təqdim edilməsi isə qanunla tələb olunmur. Araşdırmalar göstərir ki, cəmiyyətdə bu məsələ ilə bağlı çaşqınlıq əsasən dini nikahla əlaqədardır. Belə ki, dini qaydalara əsasən bağlanan nikah mərasimlərində şahidlərin iştirakı vacib hesab olunur. Lakin bu cür nikahlar dövlət qeydiyyatından keçmədiyi halda hüquqi nəticə doğurmur və rəsmi nikah sayılmır. Rəsmi qurumlar vətəndaşlara tövsiyə edir ki, nikah münasibətlərini hüquqi müstəvidə tənzimləmək üçün mütləq dövlət qeydiyyatından keçsinlər. Çünki yalnız bu halda tərəflərin ailə, miras, aliment və digər hüquqları qanunla qorunur. Sevinc İbrahimzadə / Metbuat.az