ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Bir neçə gündür, sosial şəbəkələrdə Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin vəzifəsini itirməsi ilə bağlı məlumatlar yayılır. Teatrın keçmiş aktrisası Mehriban Xanlarova sözügedən məlumatları tirajlayaraq bir müddət öncə qalmaqal yaşadığı Mehriban Ələkbərzadənin işdən çıxarıldığını bildirib. Buna səbəb kimi isə Mədəniyyət Nazirliyinin dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarları göstərib.
“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.
O, özü ilə bağlı sualları cavablandırmasa da, bir cümlə ilə kifayətlənib:
“Mədəniyyət Nazirliyinin saytında rəsmi şəkildə hər şey yazılıb, əlavə nəsə demək istəmirəm”.
Ötən gün isə nazirlik ictimaiyyətdə yaranan suallara aydınlıq gətirərək bildirib ki, dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərini daha çevik, səmərəli və nəticəyönümlü etmək, qərarların kollektiv əsasda qəbulunu təmin etmək və yaradıcılıqla təşkilati fəaliyyət arasında daha aydın funksional bölgü yaratmaqdır.
Həmçinin qeyd olunub ki, hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində, yəni Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələrində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.
İslahatların kütləvi ixtisar xarakteri daşımadığı, mövcud idarəetmə strukturunun müasir tələblərə uyğun şəkildə yeniləndiyi xüsusi vurğulanıb.
Qeyd edək ki, qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.