Rusiyanın paytaxtı Moskvada rəsmi səfərdə olan Suriya prezidenti Əhməd Şara Prezident Vladimir Putinlə görüşüb.
Turkustan.az xəbər verir ki, Kremldə keçirilən görüşdə Putin Suriyanın ərazi bütövlüyünün bərpası səylərini yaxından izlədiklərini bildirib və əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib. Putin Şaranı bu sahədəki işlərinə görə təbrik edib və vurğulayıb:
"Biz həmişə Suriyanın ərazi bütövlüyünün bərpasını müdafiə etmişik və bu istiqamətdə bütün səylərinizi dəstəkləyirik."
Rusiya lideri xüsusilə Fərat bölgəsinin mərkəzi hökumətə inteqrasiyasının vacib olduğunu qeyd edib:
"Hesab edirəm ki, Fərat bölgəsinin inteqrasiyası, şübhəsiz ki, bu prosesdə vacib bir addımdır və Suriyanın ərazi bütövlüyünün ümumi bərpasına töhfə verəcək."
Putin çıxışını təbrik mesajı ilə yekunlaşdıraraq əlavə edib:
"Bu inkişaf münasibətilə sizi təbrik edirik. Sizi görməkdən çox məmnunuq. Xoş gəlmisiniz, cənab Prezident."
Şara Moskvaya səfərindən məmnunluğunu ifadə edib və iki ölkənin ortaq maraq və məsələlərini vurğulayıb:
"Ötən il Suriya bir çox maneələri dəf etdi, ən əhəmiyyətlisi ərazisinin yenidən birləşdirilməsi uğrunda mübarizə idi. Rusiya Suriya ərazisinin birliyini və sabitliyini dəstəkləyir və regionun sabitliyində tarixi rol oynayır. Ümid edirik ki, bu səylər Yaxın Şərqin inkişaf və rifah baxımından mümkün olan ən yaxşı vəziyyətinə çatana qədər davam edəcək."
Aytən Yaşar/ Turkustan.az