AZ

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq - AÇIQLAMA

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan ilə Türkiyənin ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Sülh Şurasına qatılması hər iki müttəfiq dövlətin beynəlxalq nüfuzunu artırmaqla yanaşı qlobal siyasətdəki rolunu da artıracaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi şərhçi Yakub Aslan deyib.

O bildirib ki, dünyada cərəyan edən geosiyasi proseslərdə Türkiyə ilə Azərbaycanın rolu artmaqdadır.

“ABŞ Prezidenti bu iki dövləti təsadüfən şuraya dəvət etməyib. Rəsmi Vaşinqtonda Türkiyə ilə Azərbaycanın çox yaxın strateji müttəfiq olaraq Cənubi Qafqaz və Yaxın Şərq regionunda güc mərkəzi olduğunu düzgün qiymətləndirirlər. Bu güc mərkəzinin Sülh Şurasında təmsil olunması onun qüdrətini artırmaqla yanaşı qərarlarının da həyata keçməsini təmin edəcək. ABŞ Prezidenti Qəzza bölgəsini bərpa etmək və regionda davamlı sülhə nail olmaq istəyir və bu işdə Azərbaycan ilə Türkiyəni də yanında görmək istəyir. Hər iki dövlətin iqtisadi qüdrəti və hərbi potensialı qlobal siyasi məsələlərin həll olunmasında iştirakına imkan verir.

Azərbaycanın 44 gün ərzində torpaqlarını azad etməsi, Türkiyənin isə Suriyada terror qruplarını zərərsizləşdirməsi bu potensialı ortaya qoydu. Bütün beynəlxalq məsələlərdə vahid mövqedən çıxış edən Türkiyə və Azərbaycan Sülh Şurasında da koordinasiyalı addımlar ataraq beynəlxalq xarakterli missiyada iştirak edəcəklər”, - deyə siyasi ekspert əlavə edib.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr