ain.az bildirir, Demokrat.az portalına istinadən.
Son vaxtlar vətəndaşların əksəriyyəti aldıqları çörəyin cəmi bir gün sonra xoşagəlməz qoxu verdiyini və istifadəyə yararsız hala gəldiyini bildirir. Əvvəllər çörək bir neçə gün rahatlıqla istifadə olunurdusa, hazırkı vəziyyət narahatlıq yaradır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov qeyd edib ki, çörəyin tez xarab olması tək səbəblə izah olunmur, bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verir.Ekspert bildirib ki, unun keyfiyyəti çörəyin saxlama müddətinə mühüm təsir göstərir:“Zəif təmizlənmiş, yüksək rütubətli və ya düzgün saxlanmamış un mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır. Belə undan bişirilən çörək tez kiflənir və kəskin qoxu verir. İstehsal texnologiyası da önəmlidir. Xəmirin kifayət qədər yoğrulmaması, fermentasiya prosesinin düzgün aparılmaması, bişirmə temperaturunun və vaxtının normadan kənar olması çörəyin içinin ‘xam’ qalmasına səbəb olur ki, bu da onun tez xarab olmasına gətirib çıxarır”.Fərid Səfərov əlavə edib ki, qatqılar və saxlanma şəraiti də vacib amillərdəndir:“Bəzi istehsalçılar çörəyin görünüşünü və yumşaqlığını artırmaq üçün texnoloji qatqılardan istifadə edirlər. Qatqılar normaya uyğun seçilmədikdə çörəyin saxlama müddətinə mənfi təsir göstərə, hətta mikrobioloji riskləri artıra bilər. Digər ciddi səbəb isə saxlanma və satış şəraitidir. Çörəyin isti halda qablaşdırılması, rütubətli və havasız yerlərdə saxlanması, açıq şəkildə tozlu mühitdə satılması bakteriya və kif göbələklərinin sürətlə çoxalmasına səbəb olur. Xüsusilə yay aylarında bu risk daha da artır”.Ekspert vurğulayıb ki, belə çörəklərin istifadəsi mədə-bağırsaq pozuntuları, zəhərlənmə və allergik reaksiyalarla nəticələnə bilər:“Xoşagəlməz qoxu, yapışqan iç quruluşu və ya kif əlaməti olan çörək qətiyyən istifadə edilməməlidir. İstehlakçılara tövsiyə olunur ki, çörək alarkən istehsal tarixinə, qoxusuna, içinin quruluşuna, satış nöqtəsinin təmizliyinə diqqət etsinlər, evdə isə sərin, quru və havalanan şəraitdə saxlasınlar. Ən əsası, şübhəli görünən çörək ‘israf olmasın’ düşüncəsi ilə istifadə edilməməlidir”.Qeyd edək ki, çörək tez xarab olsa da, düzgün istehsal və saxlanma şəraitində bu risk minimuma endirilə bilər.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.