Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə genetik ekspertizanın rəyi açıqlanıb. Rəyə görə, Natiq Məhərrəmovun övladlarının ona məxsus olduğu təsdiqlənib. Yəni təqsirləndirilənin qətlə yetirdiyi həyat yoldaşının ona xəyanət etməsi təsdiqini tapmayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxışı zamanı təqsirləndirilənin 19 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.
Natiq Məhərrəmov son söz zamanı hadisəni törətdiyinə peşman olmadığını deyib.
Müşavirədən sonra hökm elan edilərək Natiq Məhərrəmov 18 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin aprel ayınının 7-si, saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkda baş verib. Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirməkdə təqsirləndirilib. Həmin gün cinayəti törədən şəxs 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.