Son günlər ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti – güclü şaxta, intensiv qar yağışı və buzlaşma – gündəlik həyatla yanaşı, təhsil prosesinə də ciddi təsir göstərir. Xüsusilə səhər saatlarında yolların buz bağlaması, ictimai nəqliyyatın fəaliyyətində yaranan problemlər və hava şəraitinin qeyri-sabitliyi məktəblilərin təhlükəsiz şəkildə təhsil müəssisələrinə gedib-gəlməsini çətinləşdirir. Bu da təbii olaraq cəmiyyətdə “məktəblər müvəqqəti olaraq onlayn tədrisə keçə bilərmi?” sualını yenidən aktuallaşdırır.
Pandemiya dövründə tətbiq olunan distant təhsil modeli göstərdi ki, texniki imkanlar və düzgün təşkilatçılıq olduğu halda tədris prosesini fasiləsiz davam etdirmək mümkündür. Həmin dövrdə həm müəllimlər, həm də şagirdlər onlayn platformalarla işləmək bacarığı qazandı, müəyyən infrastruktur formalaşdı. Bu baxımdan, bu gün hava şəraiti ilə bağlı yaranan çətinliklər fonunda distant təhsilin alternativ mexanizm kimi yenidən gündəmə gəlməsi məntiqli görünür.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyevin fikrincə, hazırkı şəraitdə məktəblərin ümumilikdə və uzunmüddətli distant təhsilə keçməsi real və məqsədəuyğun deyil, lakin qısamüddətli və situativ keçid variantı istisna olunmamalıdır.

Onun sözlərinə görə, onlayn təhsil fövqəladə hallarda – sərt hava şəraiti, təbii fəlakət və ya təhlükəsizlik riskləri zamanı müvəqqəti çıxış yolu kimi effektiv ola bilər.
Ekspert vurğulayır ki, əsas məsələ distant təhsili daimi alternativ kimi yox, çevik idarəetmə aləti kimi görməkdir:
“Azərbaycanda distant təhsilə münasibət birmənalı deyil. Valideynlərin bir qismi uşaqların təhlükəsizliyi baxımından onlayn tədrisi dəstəkləsə də, digər qisim təhsilin keyfiyyəti, müəllim–şagird ünsiyyətinin zəifləməsi və nəzarət mexanizmlərinin çətinləşməsi ilə bağlı narahatlıq keçirir. Xüsusilə ibtidai siniflərdə distant təhsilin effektivliyi daha çox valideynin iştirakı ilə mümkün olduğundan, bu model hər ailə üçün eyni dərəcədə əlçatan olmur”.
Ekspertin fikrincə, texniki imkanlar məsələsi də hələ tam həll olunmuş sayılmaz:
“Bölgələrdə internetin keyfiyyəti, bəzi ailələrdə kompüter və planşet çatışmazlığı onlayn tədrisin hamı üçün bərabər imkanlar yaratmadığını göstərir. Bu səbəbdən, sərt hava şəraitinə görə məktəblərin bağlanması gündəmə gəldikdə, alternativ olaraq dərs günlərinin kompensasiyası və ya dərs saatlarının qismən tənzimlənməsi də nəzərdən keçirilə bilər”.
Tunar