AZ

Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmədə vergi nümayəndəsi sualları cavablandırıb

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi sualları cavablandırıb.

"Far.Az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda öncə təqsirləndirilən İlqar Mustafayev məhkəmənin diqqətinə çatdırıb ki, 2 ay əvvəl ağır əməliyyat keçirib.

İlqar Mustafayev ona qarşı sürülən ittihamların əsassız olduğunu bildirib. O, əlavə edib ki, səhhətində ciddi problemlər var və həbsdə olmağı səhhətinə pis təsir edir.

Sonra proses İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyevə verilən suallarla davam edib.

Belə ki, təqsirləndirilən İlqar Mustafayev, vəkili İsmayıl Kəngərli və hakim Leyla Əsgərova-Məmmədova nümayəndəyə suallar ünvanlayıb.

İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli prosesdə siyahı təqdim edib, o, həmin siyahıda 13 obyektin olduğunu bildirib.

Davamında Dövlət Vergi Xidmətinin nümayəndəsindən təqdim etdiyi siyahıda olan obyektlərə ekspert qiymət müəyyən etmədiyi halda, nümayəndənin niyə qiymət təyin etdiyini soruşub.

Nümayəndə Niyaməddin Tanrıverdiyev bu sualı ekspertə verməyi tövsiyə edib.

Sonra Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən İlqar Mustafayevdən bulvarda batutlar icarəyə verilən zaman avadanlıqla təmin olunub-olunmadığını soruşub.

İlqar Mustafayev cavabında bildirib ki, bulvar İdarəsində icarə müqaviləsi yoxdur. Onun sözlərinə görə, bununla bağlı fiziki şəxslərlə müqavilə bağlanır.

Dövlət Vergi Xidmətinin nümayəndəsi obyektlərə ekspert və nümayəndənin təyin etdiyi icarə haqqları arasındakı fərqlərlə bağlı suallara münasibət bildirərkən deyib ki, bazar qiyməti 30 faizdən aşağı olanda ekspertin təyin etdiyi qiymət, yuxarı olanda qaimədəki qiymət əsas götürülür.

Vəkil İsmayıl Kəngərli əlavə edib ki, qaimə üzrə də rəqəmlər fərqlidir.

Vəkil nümayəndədən bu rəqəmlərin haradan götürüldüyünü soruşub. Nümayəndə cavabında bu məsələni ekspertdən soruşmağı təklif edib.

Prosesdə həmçinin təqsirləndirilən İlqar Mustafayev də Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyevə sual ünvanlayıb. O, sualında bildirib ki, nümayəndə nəyə əsasən bulvarda kola köşkünün bir kvadrat metrini 100 manata, "Çayki" restoranının bir kvadrat metrini isə 30 manata hesablayıb.

Niyaməddin Tanrıverdiyevin cavabında bildirib ki, icarə haqqlarının müəyyən edilməsində obyektin yeri və təchiz olunduğu avadanlıq da əsas götürülür.

O, əlavə edib ki, 2023-cü ildə icarə haqlarından 1 milyon 300 min manat vergi hesablanıb, Dənizkənarı Bulvar İdarəsi də 2024-cü ildə 1 milyon 200 min manat hesablayıb. Onun sözlərinə əsasən, bu müqayisə onların apardığı hesablamaların düzgün olduğunu göstərir.

Növbəti iclas fevralın 4-nə təyin olunub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Seçilən
12
1
far.az

2Mənbələr