AZ

Suriyanın keçid dövrü Prezidenti Moskvaya səfərə gəlib

Moskva, 28 yanvar, AZƏRTAC

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Moskvaya işgüzar səfərə gəlib. Onun Kremldə Rusiya Prezidenti Vladimir Putin ilə danışıqları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların işgüzar səhər yeməyi, eləcə də dövlət başçıları arasında ayrıca görüş formatında olacağını açıqlayıb.

Peskovun sözlərinə görə, gündəmdə ikitərəfli məsələlərə dair geniş gündəlik var.

Rusiya qoşunlarının Qamışlı hava bazasından çıxarılması ilə bağlı suala cavab verən Kremlin sözçüsü qeyd edib ki, silahlı qüvvələrin yerləşdirilməsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir. “Lakin şübhəm yoxdur ki, qoşunlarımızın Suriyadakı mövcudluğu ilə bağlı bütün məsələlər də bugünkü danışıqlar zamanı qaldırılacaq”, - deyə o bildirib.

Suriyanın sabiq rəhbəri Bəşər Əsədin ekstradisiyası ilə bağlı danışıqların davam etdiyi iddia edilən məlumatlara gəldikdə, Peskov bildirib: “Biz Əsəd məsələsinə münasibət bildirmirik”.

Suriyanın keçid dövrü Prezidenti bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvaya səfər etmişdi ki, bu da Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri ilk Rusiya-Suriya sammiti olmuşdu.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
18
1
azertag.az

2Mənbələr