AZ

Bakıda həyat yoldaşını öldürən şəxsə hökm oxundu

BAKI, 28 yanvar. TELEQRAF

Bakının Suraxanı rayonunda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda hökm elan edilib.

Natiq Məhərrəmov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Natiq Məhərrəmov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Onunla Suraxanı rayonundakı parka gedib. Evdən götürdüyü mətbəx bıçağı ilə həyat yoldaşına 9 zərbə vuraraq qətlə yetirib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində baş verib. 39 yaşlı Sevinc Məhərrəmova həyat yoldaşı, 35 yaşlı Natiq Məhərrəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.

Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
66
teleqraf.com

1Mənbələr