AZ

Türkiyədə İranın casus şəbəkəsi ələ keçib

AzVision.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul bölgə polisinin birgə keçirdiyi əməliyyat çərçivəsində 5 əyalətdə 6 şübhəli şəxs saxlanılıb.

Həbs olunanlar müdafiə sənayesi şirkətlərinin sahibləri Erhan Ergelen və Taner Özkan, toxuculuq sənayesi sahibkarları Cemal Beyaz və Remzi Beyaz, eləcə də Alikan Koç və İran vətəndaşı Aşkan Cəlalidir.

Onların hamısı İstanbul Cəza Məhkəməsinin qərarı ilə“siyasi və ya hərbi kəşfiyyat məqsədilə dövlət sirrini əldə etmək”ittihamı əsasında həbs olunub.

“Araşdırma zamanı bu casus şəbəkəsinin rəhbərlərinin ‘Hacı’ kod adı ilə tanınan İran kəşfiyyatçısı Nəcəf Rüstəmi və ‘Doktor’ ləqəbi ilə tanınan Məhdi Yeke Dehqan olduğu müəyyən edilib”,– Türkiyə mətbuatı yazır.

İstintaqın məlumatına görə, Rüstəmi Vanda yaşayan Alikan Koça Adanadakı İncirlik aviabazasında foto və video çəkilişləri aparmaq üçün şəxslər seçməyi tapşırıb.

Ankarada yaşayan İran vətəndaşı Aşkan Cəlalinin isə Türkiyədən Şimali Kipr Türk Respublikasına (ŞKTR) döyüş PUA-ları göndərməyi, həmçinin “Bulaq Robotik” və “Arete Industries” şirkətləri vasitəsilə Kiprin yunan hissəsində əməliyyatları idarə etməyi planlaşdırdığı bildirilir.

Hakimiyyət orqanlarının məlumatına görə, Cəlali və Koç 2025-ci ilin avqust–sentyabr aylarında İranda pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə xüsusi təlim keçiblər.

Erhan Ergelen və Taner Özkan isə 2025-ci ilin oktyabrında İrana gələrək Kiprin yunan hissəsinə pilotsuz uçuş aparatlarının çatdırılmasında iştirak ediblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
16
azvision.az

1Mənbələr