AZ

Bakı səmasında NƏ BAŞ VERİR? – Hərbi obyekt, yoxsa…

Dünən Bakı səmasında müşahidə olunan və sosial şəbəkələrdə sürətlə yayılan naməlum “cisim” qısa müddətdə ciddi marağa və geniş müzakirələrə səbəb olub.

Paylaşılan videolarda obyektin qeyri-adi formada, sanki havada asılı qaldığı və nizamlı trayektoriya ilə hərəkət etmədiyi görünür. Məhz bu xüsusiyyətlər onun adi təyyarə və ya helikopter olmadığını düşündürərək müxtəlif ehtimalların ortaya atılmasına yol açıb. Sosial şəbəkə istifadəçiləri obyekti yolka ağacına, bir neçə şarın birləşmiş formasına, çərpələngə və hətta texnogen qurğuya bənzədiblər. Hazırda isə obyektin dəqiq nə olduğu və haradan havaya qalxdığı rəsmi qurumlar tərəfindən açıqlanmayıb.

NOCOMMENT.az -a açıqlama verən ehtiyatda olan polkovnik Rasim Məmmədov məsələyə daha texniki prizmadan yanaşıb.

Onun sözlərinə görə, videoda görünən obyekt klassik uçuş aparatlarına xas olan xüsusiyyətləri daşımır və bu, onu avtomatik olaraq “naməlum” kateqoriyasına salır:

“Lakin bu, obyektin təhlükəli və ya qeyri-adi mənşəli olması anlamına gəlmir. Bu tip görüntülərin böyük hissəsi sonradan meteoroloji şarlar, reklam və ya müşahidə məqsədilə havaya buraxılan aerostatlar, yüngül konstruksiyalı dronlar və ya küləyin təsiri ilə yüksəlmiş müxtəlif məişət obyektləri kimi izah olunur. Xüsusilə günün müəyyən saatlarında günəş işığının bu obyektlər üzərində yaratdığı optik effektlər onların formasını realdan fərqli göstərir.

Hava məkanında müşahidə olunan hər bir obyekt dərhal radarlar tərəfindən təhlükə kimi qeydə alınmır. Əgər söhbət mülki aviasiya üçün risk yaradan bir cisimdən getsəydi, aidiyyəti qurumlar artıq reaksiya verərdi. Bu baxımdan, Bakının üzərində görünən obyektin ciddi təhlükə yaratmadığı ehtimalı daha yüksəkdir. Şəhər mühitində külək axınları qeyri-sabit olduğu üçün yüngül obyektlər gözlənilməz şəkildə hərəkət edə, bu da müşahidə edənlərdə “idarə olunan naməlum aparat” təəssüratı yarada bilər”.

Qeyd edək ki, ümumiyyətlə, UNO – yəni uçan naməlum obyekt anlayışı ətrafında yaranan suallar cəmiyyətdə tez-tez sensasiya ilə qarşılanır. Mütəxəssislərin yanaşmasına görə, UNO anlayışı elmi termin deyil və sadəcə müşahidə zamanı obyektin kimliyinin müəyyən edilə bilməməsini ifadə edir. Bu, nə yadplanetli texnologiya, nə də fövqəladə hadisə deməkdir. Dünya üzrə UNO kimi qeydə alınan minlərlə hadisənin demək olar ki, hamısı sonradan ya texniki vasitə, ya təbiət hadisəsi, ya da insan faktoru ilə izah olunub.

Bakı səmasında görünən obyektlə bağlı da ən real ssenari onun mülki və ya texniki mənşəli olmasıdır. Video görüntülərin keyfiyyəti, məsafə və baxış bucağı obyektin real ölçülərini və xüsusiyyətlərini təhrif edə bilər. Bu isə cəmiyyətdə fərqli və bəzən fantastik ehtimalların yaranmasına səbəb olur.

Tunar

Seçilən
30
nocomment.az

1Mənbələr