AZ

Kollektiv depressiyanın simvolu: İnsanlar özünü niyə bir pinqvində gördülər?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərahim Nəsib yazır...

Antarktidada minlərlə pinqvin eyni istiqamətdə hərəkət etdiyi halda, biri qəfildən dayandı və digərlərinin əksinə yeriməyə başladı. Almaniyalı rejissor Werner Herzogun 2007-ci ildə Antarktidada çəkdiyi sənədli filmdə yer alan bu səhnə bir çox insanın xarakterini izah edirdi. Bu görüntü yalnızlıq və kütlədən uzaqlaşmağın, səssiz üsyanın emosional və fəlsəfi bir hekayəsi idi.

Bu baxımdan, hazırda gündəm olan pinqvinə bir az fərqli, əslində isə bütün dünyanın yaşadığı mövcud və təhlükəli problem kontekstindən yanaşmaq istəyirəm.

Əsas sual da elə buradan başlayır: niyə bu səhnə nə az, nə çox, məhz 19 ildən sonra yenidən gündəmə gəldi? Niyə sosial şəbəkələrdə milyonlarla insan bu pinqvini paylaşdı, ona öz həyatını, öz ağrısını, toplumdan qaçmaq istəyini yüklədi? Axı bu film vaxtilə də mövcud idi və o zaman sıradan, sakit bir sənədli film kimi qəbul olunmuşdu.

Zənnimcə, səbəb çox sadədir: 19 il əvvəl dünya bugünkü kimi yorğun deyildi. Müharibələr, pandemiyalar, iqtisadi çöküşlər, mənəvi tükənmişlik, depressiya və bitməyən "yaşamaq uğrunda mübarizə" insan ruhunu bu qədər təsirləndirmirdi. İnsanlar hələ kollektiv şəkildə "Mən hara gedirəm?" sualını vermirdilər...

Məsələn, təsəvvür edək ki, bu gün depressiyadan, daxili boşluqdan əziyyət çəkən bir insan asudə vaxtında həmin sənədli filmi izləyir. Kulminasiya nöqtəsində o pinqvini görür və birdən anlayır ki, ekranda gördüyü bir pinqvin deyil, özüdür. Bu, artıq fərdi bir depressiya yox, qlobal bir yorğunluğun simvoludur. Sanki bütün dünya eyni anda dayanıb və içindən keçən səsi eşidir. Bu gün insanlar 19-20 il əvvəlkindən fərqli olaraq o qədər depressiv, o qədər yorğun və mövcud problemlərdən o qədər bezib ki, hər kəs həmin pinqvin kimi başını götürüb izdihamın olmadığı, səs-küyün susduğu bir yerə qaçmaq istəyir - tək-tənha və paylaşa bilmədiyi hissləri ilə üz-üzə... Daha dəqiq desək, sadəcə nəfəs almaq üçün.

Ona görə də bu səhnə paylaşılması ilə bütün dünyada məşhurlaşdı, hər kəs öz hekayəsini yazdı, yaşadı və arzu-istəkləri ilə yenidən baş-başa qaldı.

Maraqlıdır ki, 19-20 il əvvəl insanların ən qızğın mübahisələrindən biri həm də kənd-şəhər qarşıdurması idi. Şəhərlilər kənd həyatını bəyənmirdi, kəndlilər şəhərin süni və yorucu olduğunu deyirdilər. Bu gün isə mənzərə tamamilə dəyişib. Hər kəs ilk fürsətdə təbiətin qoynuna qaçmaq, şəhərdən uzaqlaşıb sakit kənd həyatının ağuşuna atılmaq istəyir. Niyə? Dinclik, sükut və özləri ilə üzləşmək üçün.

Bəlkə, o pinqvin də ölməyə yox, yaşamağa gedirdi. Bəlkə də o, sürüdən ayrılmağı yox, öz yolunu tapmağı seçmişdi. Yaxud da ki, var olmaq üçün, elə yox olmaq lazımdır?! Bəlkə də bu gün onu bu qədər məşhur edən səbəb də elə budur. Dünya artıq sürü halında yeriməkdən yorulub. Bu yorğunluqdan bezən hər kəsin prototipi də həmin pinqvindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr