AZ

AI startapı “Anthropic” $350 milyard qiymətləndirmə ilə $10 milyarddan çox investisiya cəlb edib

ABŞ-nin süni intellekt startapı “Anthropic” son maliyyələşmə raundu çərçivəsində 350 milyard dollarlıq qiymətləndirmə ilə 10–15 milyard dollar aralığında investisiya cəlb edib. Danışıqların gedişindən xəbərdar olan üç mənbə bu barədə CNBC telekanalına məlumat verib.

Onların sözlərinə görə, “Microsoft” və “Nvidia” da iştirak etməyə qərar versələr, ümumi investisiya həcmi arta bilər.

Daha əvvəl, 2025-ci ilin noyabrında “Microsoft” və “Nvidia” müvafiq olaraq “Anthropic”ə 5 milyard və 10 milyard dollara qədər investisiya yatırmağı planlaşdırdıqlarını açıqlamışdılar. Mənbələr bildirirlər ki, onların son raundda iştirak edib-etməyəcəyi və yatırımların məbləği hələ dəqiq deyil.

“Anthropic”in son maliyyələşmə raunduna Sinqapurun suveren fondu GIC və ABŞ investoru “Coatue” rəhbərlik edib. “Financial Times”ın məlumatına görə, hər iki investor layihəyə 1,5 milyard dollar yatıracaq. CNBC mənbələrinin sözlərinə görə, “Anthropic”in rəqibi “OpenAI”in investorlarından olan vençur fondu “Sequoia Capital” da bu raundda iştirak edir.

FT daha əvvəl yazmışdı ki, “Anthropic” ümumilikdə 350 milyard dollarlıq qiymətləndirmə ilə 25 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Bu göstərici dörd ay əvvəl qeydə alınmış 170 milyard dollarlıq qiymətləndirmədən iki dəfə çoxdur. Nəşrin həmsöhbətləri qeyd edirdilər ki, hazırkı raund o qədər böyükdür ki, artıq “vençur investisiyalar” kateqoriyasından çıxaraq “ictimai şirkətlərə yatırımlarla müqayisə oluna bilən investisiyalar” səviyyəsinə keçib.

“Anthropic” 2021-ci ildə “OpenAI”in tədqiqat bölməsinin keçmiş rəhbərləri, o cümlədən baş direktor Dario Amodei tərəfindən təsis edilib. Şirkət “Claude” adlı böyük dil modelləri ailəsinin hazırlanması ilə tanınır, onun proqramlaşdırma üçün nəzərdə tutulan süni intellekt aləti “Claude Code” isə son aylarda böyük populyarlıq qazanıb. Nəticədə startapın gəlirləri 2025-ci ildə 10 milyard dollara çatıb.

Hazırda startap IPO-ya hazırlaşır. FT mənbələrindən birinin sözlərinə görə, “Anthropic” artıq 2026-cı ildə IPO-ya hazır ola bilər. Lakin şirkətə yaxın digər mənbə bu müddəti az ehtimallı adlandırıb. “Anthropic” nümayəndəsi isə bildirib ki, nə birjaya çıxışın vaxtı, nə də ümumiyyətlə IPO planı ilə bağlı hələ yekun qərar verilməyib.

Seçilən
19
banker.az

1Mənbələr