AZ

Dollarla bağlı nə baş verir? – İlk dəfə olaraq…

Son dörd ildə ilk dəfə dollar indeksinin 96,2 bənddən aşağı düşməsi qlobal maliyyə bazarlarında ciddi siqnal kimi qəbul olunur. Londonun ICE birjasında aparılan ticarət əməliyyatları göstərir ki, ABŞ dollarının əsas dünya valyutalarına qarşı gücünü ölçən indeks 23 fevral 2022-ci ildən bəri ilk dəfə bu psixoloji həddi qırıb. Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə indeks 0,91 faiz azalaraq 96,175 bəndə enib, bir qədər sonra isə azalma tempi zəifləyərək 96,229 bənd səviyyəsində qərarlaşıb. Avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankından ibarət səbətə qarşı dolların mövqeyini göstərən bu indeksin enməsi, əslində, təkcə ABŞ valyutasının zəifləməsi deyil, qlobal iqtisadi gözləntilərin dəyişməsi deməkdir.

Bu prosesin arxasında bir neçə əsas faktor dayanır.

ABŞ-də inflyasiyanın əvvəlki pik nöqtələrdən aşağı düşməsi Federal Ehtiyat Sisteminin yaxın dövrdə faiz dərəcələrini azaltmaq ehtimalını artırır. Faizlərin enəcəyi gözləntisi dolların gəlirliliyini azaldır və investorların alternativ valyutalara və aktivlərə marağını gücləndirir. Paralel olaraq, ABŞ-nin artan büdcə kəsiri və dövlət borcu da uzunmüddətli perspektivdə dolların gücü ilə bağlı sualları çoxaldır. Digər tərəfdən, Avropa və Asiyanın aparıcı iqtisadiyyatlarında vəziyyətin nisbətən stabilləşməsi dolların “mütləq üstün” valyuta kimi mövqeyini zəiflədir.

Bu mənzərədə əsas suallardan biri dollar indeksindəki enişin Azərbaycana necə təsir göstərə biləcəyidir.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun yanaşmasına görə, Azərbaycanda devalvasiya riski heç vaxt dolların qlobal bazarlardakı hərəkəti ilə birbaşa bağlı olmayıb:

“Manatın taleyini müəyyən edən əsas amil neftin qiyməti və ölkəyə daxil olan valyuta axınıdır. Dolların qlobal miqyasda zəifləməsi isə əksinə, çox vaxt neft qiymətlərinə müsbət təsir göstərir, çünki neft dollarla qiymətləndirilir və dollar ucuzlaşdıqca xammala tələbat arta bilər. Bu da Azərbaycan üçün büdcə gəlirləri və valyuta ehtiyatları baxımından müsbət fon yaradır. Hazırkı mərhələdə Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir, Mərkəzi Bank manatın məzənnəsini qorumaq üçün həm resurs, həm də mexanizmlərə malikdir. Manat faktiki olaraq inzibati qaydada tənzimlənir və qısa müddətli qlobal valyuta dalğalanmaları onun üzərində avtomatik təsir göstərmir”.

Əkrəm Həsənov qeyd edib ki, devalvasiya yalnız neftin qiymətinin uzunmüddətli və kəskin ucuzlaşması, yaxud ölkəyə valyuta daxilolmalarında ciddi azalma fonunda gündəmə gələ bilər:

“Hazırda isə belə bir ssenari real görünmür. Bununla yanaşı, uzunmüddətli riskləri də tam istisna etmək olmaz. Əgər dolların zəifləməsi ABŞ və qlobal iqtisadiyyatda dərin yavaşlama ilə müşayiət olunsa, bu proses nəticə etibarilə neftə tələbatın azalmasına gətirib çıxara bilər. Bu halda risk dollar indeksindən deyil, məhz neft bazarından qaynaqlanar. Yəni Azərbaycanda mümkün təzyiqlər dolayı yolla formalaşa bilər. Dollar indeksinin son dörd ilin minimumuna enməsi Azərbaycan üçün birbaşa təhlükə siqnalı deyil. Qısa və orta müddətdə bu proses manatın sabitliyi baxımından neytral, hətta müəyyən qədər müsbət qiymətləndirilə bilər. Devalvasiya ehtimalı isə hazırkı iqtisadi şəraitdə real görünmür və əsas risk faktoru kimi yenə də qlobal neft bazarındakı mümkün kəskin dəyişikliklər qalır”.

Tunar

Seçilən
30
nocomment.az

1Mənbələr