“ABŞ vitse prezidentinin Ermənistana və Azərbaycana gözlənilən səfəri müstəqilliyimiz tarixində çox mühüm hadisə, həqiqətən də ölkəmiz üçün unikal bir şans hesab oluna bilər. Bu səfərin həm Ermənistanla Azərbaycan arasında sülhün və regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə öz töhfəsini verəcəyi, həm ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığı inkişaf etdirəcəyi və müttəfiqlik səviyyəsinə yüksəlməsinə kömək edəcəyi, həm də Zəngəzur dəhlizinin işə düşməsini sürətləndirəcəyi şübhəsizdir”.
Bunu Hafta.az-a siyasi ekspert Qulamhüseyn Əlibəyli ABŞ Dövlət katibinin ölkəmizə gözlənilən səfəri ilə bağlı açıqlamasında bildirib.
Q.Əlibəyli ABŞ dövlət katibi Vensin Azərbaycan və Ermənistana səfərini bir neçə kontekstdən qiymətləndirib:
“ABŞ-in hər iki dövlətlə strateji tərəfdaşlığı, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin - TRIP marşrutunun işə salınması, Azərbaycanın Trampın “Sülh Şurası”nda və Qəzzadakı quruculuq işlərində iştirakı ABŞ dövlət katibinin səfərində müzakirə olunacaq məsələlər ola bilər. Məsələyə Qərbin Zəngəzur dəhlizi üzərindən yürütdüyü strategiya kontekstində diqqət çəkmək istərdim. Zəngəzur dəhlizi şərq-qərb və şimal-cənub marşrutlarının, bütövlükdə Avropanı Asiya ilə birləşdirən nəqliyyat xətlərinin kəsişdiyi strateji əhəmiyyət daşıyan bir qovşaqdır. Zəngəzur dəhlizi həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyadan asılılığının aradan qaldırılmasında strateji əhəmiyyətə malikdir".
Ekspert bildirib ki, Zəngəzur dəhlizi barədə çərçivə sənədinin imzalanması və bu layihənin icrası üçün vəsait ayrılması qlobal geosiyasətdə bu dəhlizin və bütövlükdə Cənubi Qafqazın oynadığı rolun və bu dəhliz və məkanın ABŞ tərəfindən necə qiymətləndirilməsinin göstəricisi hesab oluna bilər:
“ABŞ Zəngəzur dəhlizini təkcə Azərbaycanla Ermənistan arasındakı məsələ, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə bir marşrut kimi deyil, özünün Cənubi Qafqazda iştirakının həlledici amili kimi görür. Başqa sözlə, ABŞ Cənubi Qafqazı özünün “həyati maraqları” dairəsinə aid olan qlobal geosiyasi məkan, enerji və tranzit mərkəzi kimi baxır və bu məkanda öz siyasətini Zəngəzur dəhlizi - Ermənistanla Azərbaycan üzərində qurur.
Bundan başqa ABŞ Zəngəzur dəhlizinin işə düşməsini Azərbaycanla Ermənistan arasında qalıcı sülhə xidmət edən, bütövlükdə regional təhlükəsizliyə təminat verən amil kimi qiymətləndirir. Amerikanın himayəsi altında dəhlizin işə düşməsi həm də Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına, İranın bölgəyə təsir imkanlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər”.
Tahirə Qafarlı