AZ

Alena Akuliç: Azərbaycan və Ermənistanın bir-birinə doğru atdığı addımlar son dərəcə əhəmiyyətlidir

Berlin, 28 yanvar, AZƏRTAC

Biz bu prosesdə ilk dəfə iştirak edirik. Hesab edirik ki, hər iki ölkənin bir-birinə doğru atdığı bu addım son dərəcə böyük və əhəmiyyətli bir mərhələdir. Alman İqtisadiyyatının Şərq Komitəsi belə tədbirləri qətiyyətlə alqışlayır.Biz, həmçinin Almaniya siyasəti və Almaniya Hökumətinin bu məqsədlə belə genişmiqyaslı bir platforma yaratmasında və xarici işlər nazirinin də burada iştirakından məmnunuq. Bu, Almaniyanın dəstəyinin gələcəkdə də davam edəcəyinə dair çox müsbət siqnaldır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Berlində “Cənubi Qafqazda dönüş nöqtəsi: Azərbaycan və Ermənistan arasında tarixi sülh” mövzusunda keçirilən konfransda iştirak edən Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç deyib.

Müzakirələrin ölkələr və iqtisadiyyatlar arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayan Alena Akuliç bildirib: “Biz, Almaniya iqtisadiyyatının nümayəndələri olaraq, burada bu prosesin davamlı olacağını görürük. Çünki müşahidə etmişik ki, müzakirələr nə qədər konkret və hər iki tərəf üçün iqtisadi baxımdan nə qədər faydalı olarsa, ölkələr və iqtisadiyyatlar arasında əlaqələr də bir o qədər möhkəmlənir. Bu konteksdə Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi əməkdaşlığı da nəzərdə tuturam. Bu istiqamətdə artıq bir sıra ideyalarımız mövcuddur və konkret təşəbbüslər gündəmdədir. Növbəti mərhələdə iqtisadi layihələr və mövzular üzrə ayrıca bir dialoqun formalaşması da mümkündür. Biz məmnuniyyətlə bu dialoqu həm birgə təşkil etməyə, həm də onun icrasını yaxından müşayiət etməyə hazırıq”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
71
2
azertag.az

3Mənbələr