BAKI, 28 yanvar. TELEQRAF
Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Dövlət Proqramı çərçivəsində 2030-cu ilədək paytaxt və ətraf yaşayış məntəqələrində ümumilikdə 25 yeni dayanacaq və stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Məlumata görə, proqram çərçivəsində bir sıra istiqamətlər üzrə dəmir yolu xətləri bərpa olunacaq, eyni zamanda yeni stansiyalar inşa ediləcək. Belə ki, Yeni Suraxanı–Hövsan xətti üzrə 4, Bakıxanov–Binə–Qala istiqamətində 7, Zabrat–Maştağa–Bağlar xətti üzrə isə 7 yeni stansiyanın tikintisi planlaşdırılır.
Bundan əlavə, Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Kürdəxanı, Fatmayı, Saray və Binəqədi yaşayış məntəqələrində yeni dayanacaqların yaradılması nəzərdə tutulur. Eyni zamanda Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanmasının təmin ediləcəyi bildirilir.