Venesuela daxili işlər naziri Diosdado Kabello ölkədə siyasi məhbusun olmadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, dövlət televiziyası VTV-yə həftəlik açıqlamalar verən Kabello, müxalifət və bəzi QHT-lərin Venesuela həbsxanalarında çoxlu sayda siyasi məhbusun saxlanıldığına dair iddialarına reaksiya göstərib.
Kabello 2025-ci ilin dekabrından bu yana 808 nəfərin azadlığa buraxıldığını, lakin qətl və narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum olunanların bu prosesə daxil edilmədiyini qeyd edib.
Müxalifət və QHT-ləri tənqid edən Kabello bildirib ki, onlara siyahı verilmədiyi üçün əsəbiləşirlər:
“Ölkədə siyasi məhbus yoxdur. Gizlədəcək heç nəyimiz yoxdur və bunun təzyiqlə heç bir əlaqəsi də yoxdur”.Yerli mətbuata görə, Foro Penal insan haqları təşkilatı və müxalifət bloku (PUD), həbsxanalarda hələ də çoxlu sayda siyasi məhbusun saxlanıldığını iddia edərək hökuməti azadlıqları artırmağa çağırıb.
Venesuelada Nicolas Maduro hakimiyyəti dövründə, ABŞ-lə aparılan danışıqlar çərçivəsində gündəmə gələn və terrorçuluq, casusluq kimi ittihamlarla saxlanılan xarici vətəndaşların həbsxanalarda olduğu məlumdur.
ABŞ Prezidenti Donald Tramp siyasi məhbusların azad edilməsi ilə bağlı təşəbbüslər irəli sürmüş, ötən il bu çərçivədə xüsusi nümayəndəsi Riçard Grenelli Venesuelaya göndərmişdi. Həbs edilmiş 20-dən çox ABŞ vətəndaşı yay aylarınadək azadlığa buraxılmışdı.
Tramp administrasiyasının sonrakı aylarda Venesuela hökumətinə qarşı hərbi və iqtisadi təzyiqləri artırmasından sonra isə ölkədə daha bir neçə ABŞ vətəndaşı saxlanılmışdı.