Bakı, 28 yanvar, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forum keçirilir.
AZƏRTAC xəbər verir ki, ali təhsil ocağında keçirilən forumdan əvvəl gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub.
Forumun açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Gənclər və İdman Nazirliyinin dövlət gənclər siyasətinə dair hazırladığı videoçarx nümayiş olunub.
Forumun açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutur. Bu əlamətdar gün gənclərə daim böyük diqqət və qayğı göstərmiş, müasir dövlət gənclər siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 29 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü kimi təqvimə daxil edilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində dövlətimizin gənclər siyasətinin möhkəm qanunvericilik bazası formalaşdırılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş çoxsaylı fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Bu sənədlər gənclərin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb olunmasında və faydalı məşğulluğunun təmin edilməsində mühüm rol oynayıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət bu gün də uğurla davam etdirilir. Ölkəmizdə çoxsaylı gənclər təşkilatları yaradılıb. Hər il fevralın 2-də Gənclər Günü qeyd olunur. Dövlət tərəfindən gənclərin inkişafı üçün ardıcıl və məqsədyönlü dəstək göstərilir.
Forumda digər çıxış edənlər dövlət gənclər siyasətinin uğurlarından, gənclərin cəmiyyətin inkişafında rolundan və dövlət tərəfindən onlara yaradılan imkanlardan bəhs ediblər.