AZ

“Azərbaycanı çıxmaq şərtilə digər 3 ölkə hələ də ərazi bütövlüyünü təmin etməyib...”

“GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 1990-cı illərin sonunda təsis ediləndə bu dörd dövlətin maraqları üst-üstə düşürdü. Bu ittifaqı aktuallaşdıran əsas amil hər 4 ölkənin separatçı bölgələrlə mübarizəsi və Rusiya ilə gərgin münasibətləri idi. Azərbaycanı çıxmaq şərtilə digər 3 ölkə hələ də ərazi bütövlüyünü təmin etməyib, Ukrayna Rusiya ilə müharibəni davam etdirir, Moldovada Avropa İttifaqına üzvlük, bu alınmadıqda Rumıniyaya qatılmaq kimi mövzu müzakirəyə çıxarılıb. Gürcüstanın isə Avropa İttifaqına üzvlük məsələsi indiki hökumətin dövründə aktuallığını itirib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, GUAM əvvəlki illərdəki ittifaqa bənzəmir:

“Ukrayna və Gürcüstan hakimiyyətləri arasında dərin fikir ayrılıqları mövcuddur, Moldova da Tbilisinin mövqeyindən narazıdır. Moldova Prezidenti Maya Sandu Avropa Şurası Parlament Assmbleyasında son çıxışı zamanı Rusiyanın Gürcüstanı öz orbitinə qaytardığını deyib. O bunu Gürcüstan hökumətinin Rusiya ilə müharibə qorxusu ilə izah edib. Aydındır ki, bu açıqlama rəsmi Tbilsinin narazılığına səbəb olub. Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski Maya Sandunun açıqlamasını sərt şəkildə tənqid edib. Gürcüstanın hakim partiyasının üzvü olan Gia Volski Maya Sandunun Moldovada dəstəyinin olmadığını və bu ölkədə genişmiqayslı korrupsiyanın mövcud olduğunu bildirib. İkinci iddia ilə işimiz yoxdur, Sandunun ölkəsində heç bir dəstəyinin olmaması iddiası isə mübahisə doğurur. Belə olsaydı, Sandu yenidən Prezident seçilməzdi. Moldova Prezidentinin tənqidinə Gürcüstan parlamentinin digər vitse-spiker Nino Tsilosani də qoşulub”. 

Politoloq deyib ki, Moldova və Gürcüstan siyasətçiləri arasında ittihamedici açıqlamalar iki ölkə arasında münasibətlərin gərginliyindən xəbər verir:

“Qarşılıqlı ittihamlar GUAM-ı bir təşkilat olaraq zəiflədir. Azərbaycan bunda maraqlı deyil və ölkəmizin digər 3 ölkə ilə tərəfdaşlıq münasibətləri var. Ancaq bizdən asılı olmayan səbəblərdən təşkilata üzv digər 2 ölkə üçüncünün ünvanına sərt ittihamlar səsləndirilərsə və üçüncü ölkə də onlara sərt formada cavab verirsə, bu şərtlər altında dördlü ittifaqdan danışmaq çətindir”.

Vasif ƏLİHÜSEYN

Seçilən
11
2
adalet.az

3Mənbələr