AZ

Trampın yeni varisi kim olacaq? – Siyahıda üç şəxsin adı var

İki ildən sonra, 2028-ci ilin əvvəlindən etibarən ABŞ artıq yeni seçki dövrünə qədəm qoyacaq. ABŞ-də seçkiqabağı proseslər adətən daha erkən başlayır və seçkilərə qədər aylarla davam edən intensiv siyasi yarış müşahidə olunur.

“News Nation” nəşrinin yazdığına görə, ABŞ Respublikaçılar Partiyası 2028-ci il prezident seçkiləri üçün güclü bir “bazaya” malik olduğunu bildirir və bu bazadan namizədlər irəli sürülə, Donald Trampın qoyduğu siyasi miras davam etdirilə bilər.

Üstəlik, ABŞ Prezidenti D.Trampın özünün də “sevimli namizədləri” mövcuddur. Hazırda o, qarşıdan gələn seçkilər üçün komandasından üç nəfəri potensial “siyasi varisi” kimi nəzərdən keçirir:

1.Vitse-prezident C.D. Vens

2. Dövlət katibi Marko Rubio

3. Maliyyə naziri Skott Bessent

Trampın əvvəlki açıqlamalarına görə, Respublikaçılar Partiyası tərəfindən 2028-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsi ehtimalı ən yüksək olan şəxs məhz C.D. Vensdir.

D. Trampın varisi kim olacaq?

Zeynal Əmrəliyəv

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, növbəti seçkilərdə Trampın dəstəyi xüsusi əhəmiyyət kəsb edəcək, çünki onun partiya daxilində təsiri hələ də kifayət qədər güclüdür:

Vitse-prezident C.D. Vens idarəetmədə müəyyən təcrübəyə malikdir. Trampla eyni siyasi xətti bölüşməsi və komandanın ikinci şəxsi olması onun şanslarını artırır. Lakin əsas məsələ ondan ibarətdir ki, Vens Tramp qədər radikal deyil. Bu isə son dövrlərdə daha da güclənən mühafizəkar elektorat üçün zəiflik kimi qəbul edilə bilər. Eyni zamanda, Trampın önə çıxardığı fiqur olduğu üçün Vens daim onun kölgəsində qalır və müstəqil siyasətçi obrazını tam formalaşdıra bilməyib.

Vensdən fərqli olaraq, Dövlət katibi Marko Rubio ölkə səviyyəsində yaxşı tanınan siyasətçidir. Xüsusilə Respublikaçılar üçün strateji əhəmiyyət daşıyan Florida ştatında nüfuzu yüksəkdir. O, prezidentlik üçün aydın siyasi proqram təqdim edib və əvvəllər də prezidentliyə namizəd olub. Rubionun əsas problemi Trampın ona verəcəyi dəstəyin qeyri-müəyyənliyidir. Əgər Tramp Vensi açıq şəkildə dəstəkləyərsə, bu, Rubionun şanslarını azalda bilər.

Maliyyə naziri Skott Bessent isə daha çox maliyyə eksperti kimi tanınır. Onun siyasi təcrübəsi məhduddur. Buna baxmayaraq, Trampla yaxın münasibətləri və iqtisadi sahədə bilikləri onu potensial namizədlər sırasında saxlayan əsas amillərdir.

Bununla yanaşı, partiya daxilində nüfuzu yüksək olan başqa fiqurlar da mövcuddur. 2024-cü il seçkilərində partiyadaxili praymerizlərdə Ron DeSantis ön plana çıxmışdı ki, bu da onu Tramp sonrası dövr üçün ciddi namizədə çevirir. Floridanın keçmiş qubernatoru hələ də Respublikaçılar Partiyası daxilində geniş dəstəyə malikdir. Corciya ştatının qubernatoru Brayan Kemp də həyata keçirdiyi sosial dəstək layihələri sayəsində nüfuzunu artırıb. Kempin prezidentliyə namizəd olması ehtimalı az olsa da, 2028-ci ildə vitse-prezident postu üçün real şansları mövcuddur.

Hər halda, Donald Tramp 2028-ci il seçkilərində təkcə Demokrat rəqiblərə qarşı deyil, eyni zamanda Respublikaçılar Partiyası daxilində mövqelərini möhkəmləndirmək və potensial rəqibləri neytrallaşdırmaq baxımından da strateji rol oynayacaq. Prezidentliyə namizəd olmasa belə, komandasının onun siyasi xəttini davam etdirməsi Tramp üçün həyati əhəmiyyət daşıyır”.

Atilla Rzasoy

Seçilən
52
nocomment.az

1Mənbələr