Siciliyada yerləşən Nişemi şəhəri torpaq sürüşməsi səbəbindən demək olar ki, yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Şəhərin meri güclü fırtınanın genişmiqyaslı sürüşməyə səbəb olmasından sonra vəziyyətin kritik olduğunu bildirib. Təpənin bir hissəsi uçub və yaşayış evləri sözün əsl mənasında uçurumun kənarında asılı vəziyyətdə qalıb...
Poliqon xəbər verir ki, bu barədə The Guardian yazır.
Bazar günü başlayan və təxminən 4 km boyunca uzanan sürüşmə nəticəsində indiyədək evlərdən təxminən 1,5 min nəfər təxliyə edilib. Torpaq çatları genişlənməkdə davam edir və hakimiyyət orqanları şəhərin tarixi mərkəzinin də təhlükə altına düşəcəyindən ehtiyatlanır.
"Bu, dramatik torpaq sürüşməsidir", deyə Nişeminin meri Massimiliano Konti sosial şəbəkələrdə yayımladığı videomüraciətdə deyib və hasarlanmış zonalardan kənarda yaşayan sakinləri evdə qalmağa çağırıb. Onun sözlərinə görə, xəsarət alan yoxdur, lakin çoxlu sayda ev ciddi ziyan görüb.
Hadisə yerindən çəkilən foto və videolarda evlərin uçma həddində olduğu görünür. Siciliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Salvatore Koçina xəbərdarlıq edib ki, 50–70 metr radiusdakı bütün binalar qaçılmaz olaraq uçacaq.
Şəhərdə məktəblər bağlanıb, Nişemini sahil şəhəri Celayla birləşdirən yol bağlanıb. Təxliyə edilənlərin bir qismi qohumlarının yanında qalır, lakin yüzlərlə insan artıq ikinci gecədir ki, yerli idman kompleksində gecələyir.
Mer etiraf edib ki, sakinlər qorxu içindədir. Onun sözlərinə görə, təkcə çərşənbə axşamı sürüşmə daha 10 metr irəliləyib:
"Yuxarıdan baxanda Nişeminin sözün əsl mənasında dağılmasını görmək dəhşətlidir. Vəziyyət kritikdir: torpaq hərəkət etməyə davam edir, yağışlar isə həm xilasetmə işlərini, həm də texniki yoxlamaları çətinləşdirir".
Şəhərin tam təcrid olunması riski ayrıca narahatlıq doğurur. Vəziyyət 24 saat nəzarətdə saxlanılır, çünki istənilən an dəyişə bilər.
İtaliya hökuməti "Harri" siklonundan zərər çəkmiş cənub bölgələrində fövqəladə vəziyyət elan edib. Güclü fırtına leysan yağışları və hündürlüyü 9 metrə çatan dalğalar gətirib, Siciliya, Kalabriya və Sardiniyada yolları, sahil möhkəmləndirmələrini və kurort infrastrukturunu dağıdıb.
Ümumi zərər 1 milyard avrodan çox qiymətləndirilir. Hökumət artıq təxirəsalınmaz ehtiyaclar üçün ilkin olaraq 100 milyon avro ayırıb. Mülki müdafiə naziri Nello Muzumeçi bildirib ki, zədələnmiş infrastrukturun bərpası üçün yaxın vaxtlarda ayrıca qurumlararası qərar qəbul olunacaq.
Təkcə Siciliyada itkilər təxminən 740 milyon avroya çatır, lakin region rəhbəri Renato Şifani yekun məbləğin iki dəfə çox ola biləcəyi barədə xəbərdarlıq edib.
Poliqon.info