AZ

Uşaqlar ictimai birliklər yarada bilər

Uşaqlar ictimai birliklər yarada bilər

Uşağın birləşmək hüququ qanunla tənzimlənəcək.

Bu müddəa Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni “Uşaq hüquqları haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, uşaqların fiziki, əqli və mədəni inkişafına xidmət edən ictimai birliklər yaratmaq və həmin birliklərdə qanunla müəyyən olunmuş qaydada birləşmək hüququ tanınır.

Eyni zamanda uşaqların və uşaq ictimai birliklərinin siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmədiyi vurğulanır.

***

Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri də qanun layihəsində konkretləşdirilib.

Qafqazinfonun məlumatına görə, layihədə dövlətin bu sahədə üzərinə düşən öhdəliklər aşağıdakılardır:

– Uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

– Uşaqların mənafelərinin üstünlüyü prinsipi əsasında dövlət siyasətinin formalaşdırılması, eləcə də dövlət büdcəsinin proqnozlaşdırılması;

– Dövlət proqramlarının hazırlanması və icrası zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması;

– Dövlət orqanlarının, təhsil, tibb və sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üçün infrastrukturun yaradılması;

– Sosial dəstək mexanizmləri vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa, himayədar ailəyə verilməsi və övladlığa götürülməsi;

– Uşaqlarla müntəzəm təmasda olan təhsil, tibb, sosial, idman və mədəniyyət sahəsində çalışan mütəxəssislərin peşəkarlığının təmin edilməsi;

– Ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən nikahların qarşısının alınması;

– Uşaqların hüquq və azadlıqlarını pozan şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması;

– Uşaq hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi.

Seçilən
9
2
afn.az

3Mənbələr