Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə 2004-cü il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü S.B. adlı şəxslər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, N.A. adlı şəxs Maneuli rayonunun kəndlərindən birində 2006-cı il təvəllüdlü U.K. adlı qızı onunla evlənmək məqsədilə qaçırıb. S.B. adlı şəxs isə qeyd olunan cinayət əməlində iştirak edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki təqsirləndirilən şəxsi cinayət törədildikdən qısa müddət sonra saxlayıblar.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan gəncləri günahlarının sübuta yetiriləcəyi halda 4 ilədək müddətə həbs cəzası gözləyir.