Son vaxtlar üzünə iynə ilə davamlı kosmotoloji prosedurlar, xüsusilə, botoks etdirən xanımlar arasında sinir problemləri artıb. Üzdə sinir titrəməsi, simmetrik əyilmə, dodaqlarda hissiyyatın itməsi kimi şikayətlər daha çoxdur.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran tanınmış həkim-nevroloq Qalib Əsədov deyib ki, bu mövzu həm tibbi, həm də sosial baxımdan həssasdır.
Həkim bildirib ki, botoks (botulinum toksini) və dolğular düzgün yer, doza və texnika ilə vurulmadıqda sinir sisteminə təsir edə bilər: “Belə ki, botoks əzələ–sinir ötürülməsini bloklayır. Bəzən qonşu sinirlərə yayılır. Nəticədə istənməyən səyrimə, dartılma, titrəmə yaranır. Sonra hissiyyatın itməsi və keyimə yarana bilər. Bu hal, xüsusilə, dodaqlar, yanaqlar, burun-dodaq xəttində baş verir və adətən sinirin iynə ilə zədələnməsi, yaxud dolğunun siniri sıxması nəticəsində yaranır. Əlamətlər bəzən aylarla, nadir hallarda isə ömrünün sonuna qədər qalıcı, hətta üz siniri parezi, iflici yarana bilər. İnsanın üzündə asimmetriya, bir tərəfin “donuq” qalması, gülərkən üzün əyilməsi kimi hallar baş verir. Xroniki ağrı və yanma hissi də ola bilər. İynələr səbəbindən sinir uclarının zədələnməsi nəticəsində üçlü sinir boyu ağrılar yayılır. Bəzi xanımlarda ürəkdöyünmə, tərləmə, panik hissi, yuxu pozğunluğu yarana bilər. Bu əlamətlərin birbaşa botoksdan deyil, sinir balansının pozulmasından qaynaqlanması da mümkündür”.
Q.Əsədov botoks və dolğu kimi kosmotoloji prosedurlar etdirən xanımlara tövsiyələrini verib: “Botoks zəhərdir. Zəruri ehtiyac yoxdursa, etdirməyin. Dodaq dolğusunda çox ehtiyatlı olun. Dodaq çox sinirli, çox damarlı, ən riskli zonadır. Hissiyyat itkisi, titrəmə varsa, dərhal nevroloqa müraciət edin. Siniri qoruyan alternativlər var: üz masajları, radiofrekans, mikro-cərəyan terapiyası. Həmçinin düzgün yuxu balansına riayət edin. Xanımların bu prosedurlara marağının artması barədə qarşı cins olaraq şəxsi fikrim budur ki, səmimi deyim, qadının özünü gözəl hiss etmək istəyi tam təbiidir. Amma son illər bu, seçimdən çox məcburiyyətə çevrilib. Sosial şəbəkələr, ətrafımız real olmayan üzlər, filtirli gözəllik... “Hamı belədir” təzyiqi yaranır. Bir çox kişilər üçün canlı mimika və təbii üz daha gözəl, donuq, hissiz üzdən daha cazibəlidir. Qadın üzünün ifadəsi onun ruhudur...”