Pekin, 28 yanvar, AZƏRTAC
İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunun Pasirlanqu kəndində yanvarın 26-da baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, Fəlakətlərin İdarəedilməsi Agentliyi ölənlərin 30-nun şəxsiyyəti müəyyən edilərək meyitləri ailələrinə təhvil verilib. Ölənlər arasında İndoneziyanın elit dəniz piyada qüvvələrinin ərazidəki mərkəzində təlim keçən 23 hərbçisi də var.
İtkin düşənlərin axtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.
Təbii fəlakət nəticəsində evləri zərər görən 700-ə yaxın sakin müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib. Torpaq sürüşməsinə dağlıq Çisarua rayonunda ardıcıl iki gün yağan güclü yağışların səbəb olduğu bildirilir. Amma mütəxəssislər sürüşmənin təkcə davamlı güclü yağışlardan deyil, həm də aşınmış vulkanik süxurlar, dik yamaclar, səthdəki çatlar və qırılmalar kimi geoloji amillərin də təsirindən baş verdiyini düşünürlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin