AZ

Afaq Məsud: “Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam” Müsahibə

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kulis.az Sevinc Mürvətqızının Xalq yazıçısı Afaq Məsudla müsahibəsini təqdim edir.

- Siz Əli Vəliyev, Məsud Əlioğlu kimi böyük ədəbiyyat adamlarının ailəsində yetişmisiniz. Ailənizdəki ədəbiyyat aurası barədə danışmağınızı istərdik. Uşaqlıq və gənclik illərinizdən yaddaşınızda ən çox qalan xatirələr hansılardır?

- Yaddaşımda ilk növbədə Azərbaycan dilinə olan həssas münasibət, dilin kult mövzu kimi daim gündəmdə olması, bizim evdə və o dövrlər babamın yaşadığı "Çkalov 15" ünvanlı qədim mənzildə keçirilən yüksək yaradıcı enerjili məclislər, orada səslənən fikirlər, oxunan mahnılar, söylənən şeirlər, İlyas Əfəndiyev, Niyazi, Mircəlal, Qara Qarayev, Mehdi Hüseyn, Məmməd Cəfər, Tofiq Kazımov, İsa Hüseynov, İsmayıl Şıxlı, Xudu Məmmədov kimi elm, sənət və ədəbiyyat korifeylərinin üzləri, gülüş səsləri qalıb. Mən atamı 9-cu sinifdə oxuduğum illər itirmişəm və həmin o atmosfer atamla birlikdə yoxa çıxıb. Bu, təxminən ecazkar səslər və rəng çalarları dolu, möhtəşəm söz və sənət karnavalından birdən-birə səssiz, şəffaf tarazsızlığa düşməyə bənzər anlaşılmaz bir hal idi. Və nə qədər qəribə də olsa, dediyiniz həmin o auradan çox, yadımda qalan, məhz həmin tarazsızlıq halıdır ki, hələ də davam etməkdədir.

- Afaq Məsudun qorxduğu nəsə, kimsə varmı?

- Desəm ki, heç kimdən və heç nədən qorxmuram, bu bir qədər sovet dönəminin ədəbi qəhrəmanlarının saxta izharlarına bənzəyəcək. Yəni dəqiq ünvanı, ya səbəbi olan elə bir total qorxum yoxdur. Əlbəttə, yarıqaranıq tindən qəfil sıçrayışla çıxıb üstümə atılan kimin, ya nəyinsə yarada biləcəyi şərti refleks qorxularını, yaxud məni hərəkətlənmədən, fiziki və ruhi aktivlikdən saxlaya biləcək hər hansı səbəb və nəsnələri çıxmaq şərti ilə. Allah qorxusuna gəlincə, belə bir qorxum da yoxdur və heç vaxt da o səbəbdən olmayıb ki, Onu hər zaman ən yaxınımda dərilən tanış, məhrəm nəfəs kimi duymuşam. Uşaq yaşlarımda bu nəfəsi valideyinlərimin qayğısı, sonrakı illər dostlarımın, yaxınlarımın sevgi-rəğbəti bilsəm də, bir müddətdən sonra bunun, Allaha sıx bağlılığım, Onun mənə olan hüdudsuz sevgisi olduğunu anlamışam. Bu, özünü ağılasığmaz hadisələrlə, məqam və situasiyalarla biruzə verən elə bir sabit və təmənnasız sevgidir ki, onunla bağlı əsər də yazmışam - “O məni sevir”.

- Azərbaycanda qadın yazıçı olmaq çətindirmi?

- Mənim üçün “qadın yazıçı” deyilən bir məfhum yoxdur. “Qadın rəssam”, “qadın bəstəkar”, “qadın rejissor” və sair sənət və peşələrə dair təyin növlərinin olmadığı kimi. Olsun ki, oxucu əsəri oxuyarkən müəllifin kişi, ya qadın olduğunu, onun hansısa hadisə və situasiyalara yanaşma tərzindən, yaxud hansısa təsvir və ifadə elementlərindən duya bilər, lakin bədii fikir, ideya, paradiqma və sair baxımından bu, nə kimi əhəmiyyət kəsb edir, yaxud nəyi dəyişir? Azərbaycanda yazıçı olmaq çətinliyinə gəlincə, belə bir çətinliyim də olmayıb. Yazı ilə məişət, ailə qayğıları, idarə işləri və sair arasında zaman-zaman yaşadığım irili-xırdalı qəzaları çıxmaq şərti ilə. Əslində, o qəzaların özü də, mənim yazı ərazimdə nəyinsə yönünü, dəyər və çəkisini dəyişə biləcək elə bir fundamental çətinliklər yaratmayıb. Amma yazıçı olaraq, Azərbaycanda bir o qədər də başa düşülmədiyimi hər zaman hiss etmişəm və bunun özü də, o səbəbdən yazı işimi davam etdirməyimə mane olmayıb ki, bu dünyada yaşamağın ayrı yolunu görməmişəm.

- Qadın qəhrəmanlarınızı “xilaskar qadınlar” adlandırırsınız. Bu xilaskarlıq qadının özünü qurban verməsi bahasına başa gəlirsə, qadına haqsızlıq deyil, sizcə?

- Qadınları hansı mənada xilaskar adlandırdığımı indi dəqiq xatırlamıram, amma xilaskarlıqla bağlı deyim ki, qadınlar elə bir yaradılışdır ki, onların kimi, ya kimlərisə xilas etmələri üçün özlərini qurban vermələri elə də vacib deyil. Yəni kişilər fiziki gücü, ağlı, məntiqi və iradəsi ilə xilaskar ola bildikləri kimi, qadınlar da mərhəməti, fədakarlığı, rəhm və dözümlülüyü, hətta soyuq susqunluğu ilə də xilas etməyi bacarırlar. Xilas missiyası qadının analıq fitrətindən irəli gəlir. Bu mənada qadın, yükü nə qədər də ağır olsa, öz missiyasını hər zaman o səbəbdən həyata keçirməyə davam edir ki, bunu analıqla yanaşı, övladlıq, bacılıq, vətəndaşlıq kimi müqəddəs vəzifələri sırasında görür. Əlbəttə, özünü bütün varlığı ilə ailəsinə, övladlarına həsr edən qadınlarımız da var ki, biz onlara da “özünü qurban vermiş qadınlar” prizmasından baxa bilmərik. O səbəbdən ki, onlar həyatlarının mənasını, məram və məqsədini məhz bu müstəvidə tapıblar, bundan çox da məmnun və xoşbəxtdirlər.

- Qadın qəhrəmanlarınız çox zaman məhrumiyyət, iztirab və səssiz müqavimət içindədir. Bu qadınlar daha çox cəmiyyətin qurbanlarıdır, yoxsa sizin üçün daxili gücün səssiz formasıdır?

- Müqavimət, birmənalı olaraq daxili gücdən irəli gəlir və əsasən, özünəməxsus, fərdi duyuma, fərqli düşüncə tərzinə malik qadınlar müqavimət rejimində yaşamaq məcburiyyətində qalırlar. Əksər hallarda bu, cəmiyyətin diktəsinə, kütlə tələblərinə, insanlar tərəfindən yazılıb-düzənlənmiş qaydalar və çərçivələr məngənəsinə müti təslimlərlə tabe olmaq istəməyən, öz ali “Mən”ini unudub arxa plana atmaqla razılaşmayan güclü qadınlardır ki, cəmiyyət heç bir halda onları öz qurbanına çevirə bilməyib.

- Yazmaq sizi şəfalandırıb, yoxsa daha dərin travmaları oyadıb?

- Yazılar var ki, şəfalandırıb, məsələn, “Azadlıq”, “II İohan”, “Can üstə”, “O məni sevir”, “Mənsur Həllac”, “Kərbəla” və sair kimi. Yazılar da var ki, yaddaşımın ucqar dərinliklərinnə yatan gizli zədələri oyadıb. “Üzü işığa”, “İzdiham”, “Sərçələr”, “Dovşanın ölümü”, “Qəza” və sair kimi. Ümumən yazmaq sənəti və elə bilirəm, yaradıcı peşələrin istənilən növü, onun həm yaradıcısı, həm də istifadəçisi üçün şəfavericidir. Onların ən ağrılı, gizli yaralarını, travma və zədələrini oyandırıb hərəkətə gətirsə belə. Və əslində, yazıçının yazmaq ehtiyacının alt qatında yatan da budur – dünyanı qara rəngə bürüyüb, ona yaşamaq imkanı verməyən gizli mənəvi ağrılardan, travma və yaralardan yaza-yaza qurtulub şəfa tapmaq.

- Yazdığınıza görə necəsə “cəzalandırıldığınızı” hiss etmisinizmi?

- Yalnız bir dəfə. O da yuxuda. Və belə başa düşdüm ki, Məhəmməd peyğəmbərin nəvəsi, Həzrət Əlinin qızı Xanım Zeynəbin “Səfər ayı” deyilən çətin yolda göstərdiyi fədakarlıqlarından bəhs edən “Kərbəla” pyesini yazdığıma görə yox, əsəri, tamaşaya qoyulması üçün Milli Dram Teatrına təqdim etdiyimə görə. Hərçənd ki, əsərin tamaşaya qoyulmasına dövlət sifarişi açılmışdı, İrandan tanınmış rejissor dəvət olunmuşdu, Xanım Zeynəbin rolunu ifa edəcək görkəmli muğam ustası Fərqanə xanım Qasımova ilkin oxu məşqlərinə qatılmağa başlamışdı. O dövrlər teatrda yaşanan kulisarxası vəziyyət, əsərdə yer alan müqəddəs simalara səthi, anlaqsız və qeyri-etik yanaşma tərzi məni, tamaşanın dayandırılması üçün Mədəniyyət Nazirliyinə müraciət etmək məcburiyyətində qoydu. Yuxuya gəlincə bu, gördüyüm yuxuların heç birinə bənzəməyən, rəng çalarları, səs və hənirtiləri ilə, sanki yaddaşıma silinməz şəkildə, birəbir həkk olunan elə bir heyrətamiz vaqeə idi ki, hələ də orada baş verənlərin yuxu, yoxsa gerçəklik olduğunu dəqiq ayırd edə bilmirəm. Yuxu bundan başlayırdı ki, mən, əllərimin kəsilməsi əmri ilə səhərin ala-toranlığında bağımızda peyda olmuş alçaqboylu, çəlimsiz bir adamla həyətin uzaq bir küncündə, ət doğranılan yastı ağac kötüyünün başında üzbəüz dayanmışdıq. Adam, əlində çox da iri olmayan balta, sanki mənim nəyisə etiraf etməyimi, hansı günahımısa boynuma almağımı gözləyirmiş kimi, qorxu və həyəcan dolu gözlərlə üzümə zillənmişdi. Mən, nə deməli, nə etməli olduğumu bilmədən, qorxudan nəfəsim kəsilə-kəsilə yerimdəcə donub qalmışdım. Adam mənim bu halımı səbir və ehtiyatla izləyib, sonra əllərimə və kötüyə işarə ilə, titrək səslə astadan: “əllərini qoy” dedi və baltasını havaya qaldırdı. Mən, əllərimin kəsilməsi qərarının səbəbini, necəsə həmin an, qəfildən anlayıb, həyəcandan dilim dolaşa-dolaşa, bir daha yazmayacağıma, əlimə qələm almayacağıma söz verib and içməyə, əllərimi kəsməsin deyə, ona yalvarmağa başlasam da, o inanmadı. Baltasını endirib, əllərimi biləklərimdən vurdu. Və mən, kötüyün yanında torpağın üstünə düşüb hərəkətsiz qalan cansız əllərimi bütün reallığı ilə gördüm. Yuxudan ayılanda, gördüklərimin reallıq olmadığını anlasam da, əllərimin kəsildiyini, necəsə, bütün toxumalarımla hiss etdim.

- Ədəbiyyat sizi azad etdimi?

- Əslində, ədəbiyyatın başlıca missiyası həm yazıçını, həm də onun oxucusunu nələrdənsə - həyatının axarı ilə üzləşdiyi sıxıntı və darısqallıqlardan azad etməkdir. Yəni bədii əsərin ümdə vəzifələrindən biri və ən başlıcası - insanların duyum və düşüncələrində hansısa dəyişikliklər yaratmaq, düşdüyü sıxıntı və darısqallıqlardan, hansısa qalın, keçilməz divarları sökməklə yox, oraların şəffaf arakəsmələrindən sivişib qurtulmağın yollarını göstərməkdir. Bəzən mətbuatda bədii əsərin dəyərinin hansı üsul və qaydalarla müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlərə rast gəlirəm. Lakin onların arasında, əsərin insanın iç dünyasında, fikir və duyğularında nə kimi dəyişikliklər etmək, hansı oyanışlar yaratmaq cəhdi ilə bağlı bircə cümləyə rast gəlməmişəm. Halbuki, dediyim bu dəyişiklik və oyanış cəhdləri bədii əsərin dəyər və əhəmiyyətinin müəyyən edən ilkin göstəricilərdir. Bu gün biz zamanın axarı ilə, həmin bu göstəricilər süzgəcindən keçə bilməyən nə boyda əsərlər külliyatının, cild-cild romanların, trilogiya, povest və hekayələrin, bir kəs dəyib-toxunmadan, necəsə öz-özünə yoxa çıxdığının, ədəbiyyat müstəvisindən, sanki, heç vaxt olmamış kimi, silindiyinin şahidi oluruq. Ədəbiyyatın məni azad etməsinə gəlincə, “o məni xilas edib” desəm, daha doğru olar.

- Siz yaradıcılıq üçün “sonsuz azadlıq, boşluq və çəkisizlik”dən danışırsınız. Bu anlayışlar insanı yüksəldir, yoxsa təhlükəli bir boşluğa aparır?- Boşluq və çəkisizlik, həmin o sonsuz azadlığın müəyyən halıdır ki, insan bunu öz hüdudsuzluğunu dərk edəndə, öz həqiqi Əslini xatırlayıb ona qovuşanda yaşayır. Lakin bu sayaq azadlıqların, insanı özünüdərk kimi, ruhi, mənəvi yüksəlişlərə, kamilliyə aparmaqla yanaşı, onu öz içindəcə - şüuraltısının yarıqaranlıq, dolanbac dəhlizlərində azdırıb məhv etmək gücü də var. Bu mənada, hər şey insanın özündən, həmin o sonsuz hüdudsuzluqda özünü necə aparacağından, oralarda rastlaşacağı anlaşılmaz və çox hallarda yad həqiqətlər tələsindən necə çıxacağından, nələri anlayıb, hansı nəticələrə gələcəyindən asılıdır. Onu da deyim ki, bu sayaq azadlıqlar, heç də cəmiyyətdən üz çevirib, real həyatdan uzaqlaşmaq, sufiyanə zahidliklə özünə, daxili aləminə qapanmaq demək deyil. İnsana, ayağı yerdə ikən, ruhunun göylərdə və bir o qədər də ələgəlməz və nəhayətsiz olan öz iç dünyasında dolaşmaq kimi, fövqəl bir qüdrət verilib ki, ona, sadəcə bunu anlamaq və doğru seçim etmək qalır. Dünyanı dəli karusel sürəti ilə eyni ox ətrafında - güc, qazanc, uğur və qələbə yarışlarında hərlətməkdən usanmayan qovhaqov rejimində çalxalanmaq, yoxsa bir addım kənara çəkilib, həqiqi Özünlə yaşamaq.

- Yaradıcılığın mənbəyini şüuraltı ilə, genetik və ilahi yaddaşla bağlayırsınız. Bu “qapalı hücrə”yə yolu olmayan yazıçı böyük mətn yarada bilərmi?

- Ədəbiyyat, istər üfüqi - yəni dil, ədəbi üslub, məzmun və sair baxımından, istərsə də şaquli – ideya, məna və mahiyyət dərinliyi baxımdan hüdudsuz və sərhədsizdir. Burada Dostoyevski, Xuan Rulfo, Qoqol, Kafka kimi, şüuraltı yaddaşın qapalı hücrələrindən sızanları kağıza köçürənlər də var, Jül Vern, Servantes, Rable, Molyer kimi, dünyanın, insanlığın sıravi gözlə görünməyən gerçəkliklərini, bütün gözəllikləri və eybəcərlikləri ilə qələmə alanlar da. Macəra, detektiv, fantastika və digər janrlarda bəşəri əsərlər yaratmış yazıçılar da daxil olmaqla, bütün böyük qələm sahiblərinin, həmin o “qapalı hücrə” dediyimiz gizli yaddaşla, bu və ya digər şəkildə bağlantıları olmamış deyil. Əks təqdirdə, zamanın özü qədər sirli və əbədi olan o gizli məlumatlar məxəzindən xəbərsiz yazıçı, nə dediyiniz o “böyük mətn”ləri yarada bilərdi, nə də o mətnlər özünü bu günəcən qoruyub saxlaya bilərdi.

- Dil üzərində illərlə apardığınız ağır işdən sonra sözə münasibətiniz necə dəyişdi: indi siz dili idarə edirsiniz, yoxsa dil sizi?

- Bilirsiniz ki, dil, yəni onu təşkil edən sözlər ədəbiyyatın başlıca atributu olaraq, bilavasitə yazıçının əmək alətidir. Rəssamın aləti - fırça, memarın aləti - gil, daş, taxta, metal və sair olduğu kimi, yazıçının da aləti, məhz dildir ki, tarix boyu bütün xalqların və millətlərin ədəbi dil potensialını həmin o dildə yazan yazıçıları yaradıb. Yazıçı olaraq, yaradıcılıq işlərimi bir kənara atıb, dilimizin ana qaynağı sayılan Orfoqrafiya lüğətinə 10 ilə yaxın zaman və enerji sərf etməyimin alt qatında yatan da bu oldu – “əmək alətim” olacaq sözlərin toplandığı bu kitabın ədəbi dil normalarını kobud şəkildə pozmaqla yanaşı, milli heysiyyətimizi aşağılayan təhqiraqmiz söz quramaları, it hürüşləri, xarici söyüşlər və sair bu kimi əcayibliklərlə eybəcər və tanınmaz hala salınması. Belə ki, mən kitabın halından və durumundan xəbərsiz ikən rahat və azad şəkildə yaradıcılığımla, öz aləmimdə dərin fəlsəfi həqiqətlərin dərinliklərində yatan ideya və amalların tədqiqi ilə məşul idimsə, vəziyyətdən agah olarkən bu mümkünsüz oldu. Yəni lüğəti bu halda aşkarlamağım məni - ata-babalarının qəbirlərinin dağıdılıb təhqir olunduğunu öz gözləri ilə görüb, heç nə baş verməmiş kimi, öz həyatına davam etməyə bənzər müdhiş bir vəziyyətə saldı ki, bunu nə özümə, nə də ədəbi Azərbaycan dilinin, bilavasitə yaradıcıları və qoruyucuları olan atamın və babamın müqəddəs ruhlarına rəva görmədim, bu dilin daşıyıcı yazıçısı olaraq, bacardığımı etdim. Kitab altmış mindən çox xoşagəlməz, uydurma sözlərdən, heyvan və quş səslərindən, ərəb, fars, monqol, Vyetnam, Çin, Çex, macar, hind və sair xarici kəlmələrdən təmizləndi və yaradıldığı ilk nəşrindən (1926-cı il, V. Xuluflu) bəri səhifələrində yer almayan on beş mindən çox saf Azərbaycan sözləri ilə təkmilləşdirildi. Dilin idarə imkanlarına gəlincə, lüğət üzərində apardığım müfəssəl islahat və təkmilləşdirilmə işləri zamanı mən, ümumilikdə dil faktorunun, bu halda konkret olaraq Azərbaycan dilinin daxili imkanları, özü-özlüyündə ayrıca substansiya olaraq ruhu, mahiyyəti, halı və xasiyyətləri ilə bağlı elə heyrətamiz hadisə və olaylar yaşadım ki, bu barədə “Lüğət” adlı uzun bir hekayə də yazdım. Hekayə dilin, yəni onu təşkil edən sözlərin özü-özlüyündə azad, idarəolunmaz müstəqilliyindən, bizlərə məlum olmayan sirli ierarxiyası və sirayət imkanlarından bəhs edir ki, bu da öz növbəsində, onun bizlər üzərində hakimiyyətindən xəbər verir.

- Müsahibələrinizin birində “ədəbiyyatın başlıca predmeti olan insan köhnəlib” deyirsiniz. Bəs bu gün yazıçı üçün əsas sual nədir: köhnəlmiş insanı yenidən yazmaq, yoxsa insandan kənar yeni ədəbi predmet axtarmaq?

- “İnsan köhnəlib” deyəndə, mən Allahın öz timsalında yaratdığı əzəli güclü varlığı yox, epoxalar və əsrlərlə gücünü, nüvəsini itirib, xırda dərdləri və problemləri ilə miskinləşən müasir insanı nəzərdə tuturam ki, artıq ədəbiyyatın başlıca predmeti olaraq, köhnəlib və özü ilə bərabər bir çox ədəbiyyatları da köhnəldərək sıradan çıxarıb. Köhnəlmiş insanı isə, nə qədər yazırsan yaz, o yenilənməyəcək. Bu gün, yəni ənənəvi dəyərlər şkalasının dağılıb, yerini tamamilə boş qoyduğu, uzun illər və əsrlərlə qəbul olunmuş cərçivə və qaydaların, kosmik düsturlara bənzər nələrləsə əvəz olunduğu bu yeni zaman kəsiyində, ümumiyyətlə ədəbiyyatın başlıca predmetinin nə ola biləcəyinin özü böyük sual altındadır. Və olsun ki, o predmet heç insan da deyil. Bu mənada yazıçıya, bir qədər səbirli olmaq, ilk növbədə özündə, yəni öz fizikası və ruhunda gedən prosesləri diqqətlə izləmək, baş verənlərin nə olduğunu, məhz oralarda axtarıb tapmaq qalır.

- Yenə müsahibələrinizin birində “zamanın hökmü ilə kənara atılan ədəbiyyat” ifadəsini işlətmisiniz. Sizcə, bu gün yazıçını daha çox nə təhlükəyə atır: oxucunun azalması, yoxsa dünyanın ruhunu duya bilməməsi?

- Ədəbiyyatın kənara atılmasının başlıca səbəbi – zamanın dəli sürəti və lüzumsuz informasiya cəngəlliyində azıb başını itirmış oxucunun, artıq uzun ədəbi cümlələr oxumağa, onların arasında hansısa mənalar axtarıb, dərin fəlsəfi nəticələr çıxarmağa nə vaxtının, nə də həvəsinin qalmamasıdır. Yazıçıya gəlincə, onun üçün elə bir ciddi təhlükə yoxdur. Əlbəttə, əgər o, sözün əsil mənasında yazıçıdırsa. Yəni onun başlıca hədəfi oxucu yox, onun özüdürsə. Bir az da təfərrüata varsaq, yazmağının məqsədi - gündəmdə olmaq, kütləvi oxunmaq, tanınmaq, şöhrət, ad-san və daha nələrsə olmayan, yaza-yaza özündəki, həmin o əbədi olanı tapıb, zamanın fövqünə oradan qalxan yazıçının və onun əsərinin zamanın hökmü ilə kənara atılmaq təhlükəsi yoxdur.

- Dostoyevski, Kafka, Kamyu kimi müəllifləri “zamansız” adlandırırsınız. Sizcə, onları ölümsüz edən nədir? Bu meyarla baxanda, bu gün yazılan əsərlərin – lap konkret desək, sizin əsərlərinizin – gələcək üçün şansı varmı?

- Əsərlərim barədə nə isə demək mənə düşməz. “Zamansız” adlandırdığım yazıçılara gəlincə, onları zamansız edən, dediyim həmin o əbədi olana - şüuraltısının mübhəm dərinliklərində yatan münbit sirlər xəzinəzinə yol tapmalarıdır. Lakin, hal-hazırda görünənlər, yəni yaşadığımız zaman kəsiyinin halı və mənzərələri - insanın və onun yaşadığı dünyanın sərt yenidənqurulma mərhələsinə qədəm qoyduğundan, ədəbiyyatın bu günəcən dayaqlandığı dəyər və həqiqətlər şkalasının alt-üst olub dağıldığından xəbər verir ki, bu da özü-özlüyündə hansı müəllifin, yaxud onun hansı əsərinin gələcəkdə yaşamaq şansının olub-olmayacağını böyük sual altında qoyur.

- Teatrın yeganə canlı sənət müstəvisi olduğunu deyirsiniz. Sizcə, dramaturgiya bu gün həqiqəti, nəsrdən daha çox demək gücünə malikdirmi?

- Dramaturgiya, həqiqəti nəsrdən “daha çox” yox, “daha canlı və sirayətedici çatdırmaq gücünə malikdir” deyərdim. Səhnə kütləvi baxış arenası olsa da, səs, akustika, işıq, dekorasiya kimi imkanları ilə, özü-özlüyündə mistik məkandır, insanın iç dünyasında, təhtəlşüurunun ən gizli qatlarında belə baş verənləri sözsüz, izahsız, canlı və təsirli şəkildə çatdıra bilir. Şöhbət, əlbəttə ki, əzəli və bəşəri teatr mədəniyyətindən gedir. Teatrın özülü ədəbiyyat, dramaturgiya olsa da, səhnədə baş verənlər - rolları ifa edən aktyor heyətinin tamaşadan-tamaşaya, sanki ayrı-ayrı zaman ərazilərinə keçəntək, ayrı-ayrı enerji və sinir ovqatlarına düşməsi, hər tamaşanın kulminativ, pik nöqtələrinin bir-birindən fərqli partlayışlar, eniş və çöküşlərlə müşaiyət olunması kimi, sirli nəsnələr teatrı ədəbiyyat müstəvisindən bir pillə də yuxarı - sözlə sinirin, səslə kölgənin, işıqla musiqinin dialoqa girdiyi sehrli qatlara qaldırır ki, bütün bu karnavalı kağız üzərində yaratmaq, əlbəttə, qeyri-mümkündür.

- Nəsrinizdə və dramaturgiyanızda zaman, məkan və reallıq tez-tez qarışır – xüsusən “Can üstə”, “O məni sevir”, “Suiti” kimi əsərlərdə. Bu qarışıqlıq içində insan şüurunun real vəziyyətinə yaxınlaşa bilirsiniz?

- Əslində, biz hamımız, həmin o zaman, məkan və reallıq qarışıqlığının içində yaşayırıq. Heç nəyin fərqinə varmadan, buludların üstü ilə uçduğumuz, yarıqaranlıq zirzəmilərdə kimlərisə axtara-axtara dolaşdığımız, yaxud dünyasını dəyişmiş mərhumlarımızla üzbəüz oturub, heç nə baş verməyibmiş kimi, şirin-şirin söhbət etdiyimiz yuxularımıza, gündəlik həyatımızın xırdalıqlarına alışıb öyrəşdiyimiz kimi. Dediyiniz əsərlərə gəlincə, onlar yaradıcı stixiya ilə yazılsa da, sözsüz ki, hər biri şüur və onun alt qatlarında yatan gizli yaddaşın məhsuludur. Əks təqdirdə, bu mətnlər əlaqəsiz cümlələrlə kağıza köçürülən kosmik məlumatlar toplusundan fərqlənməzdi. Bu mənada, oxucu - şüurla duyum, zamanla reallıq arasındakı sərhədləri tutmağa, duyğunun şüur üzərində, yoxsa əksinə, zamanın reallıq üzərində, yoxsa əksinə qazandığı qələbələri sezib anlamağa çalışmalı, daha doğrusu, bu sayaq mütaliələrə hazırlıqlı olmalıdır.

- “İzdiham” romanınız insanın daxili parçalanmasını və qələbəlik içində tənha qalma paradoksunu klassik süjetdən çox, psixoloji–şüuraltı axın vasitəsilə ifadə edir. Bu cür “hisslərin süjeti” hazırlıqlı oxucu tələb edir. Bu romanla bağlı iki sualım var: əsəri yazarkən sizin üçün əsas olan oxucunun hazır olub-olmamasıdır, yoxsa daxili həqiqəti olduğu kimi ifadə etmək? Oxucu baxımından riskli olan belə mətnlərdə oxucu amili, ümumiyyətlə, sizin üçün ikinci plandadır?

- Hazırlıqlı oxucunu, təkcə “İzdiham” yox, digər əsərlərim də tələb edir. Və bunu məndən çox, artıq zamanın özü tələb edir. Yəni oxucu, gündəlik həyatında yaşadıqlarını, yaxud qonşusunun, tanış-bilişinin başına gələn əhvalatları bir də yenidən ədəbiyyatda, teatrda, yaxud kinoda axtaracaqsa, onun nə vaxtsa “hazırlıqlı oxucu” mərtəbəsinə qalxacağı müəmma doğurur. Oxucu riskinə gəlincə, belə bir problemim olmayıb. Yuxarıda dediyim kimi, məni hər zaman narahat edib maraqlandıran - özüm olmuşam. Yazdıqlarım kiminsə diqqətini çəkərsə, nə xoş, yox, əgər o bir az da dərinə gedib, yazılanın mahiyyətinə varmağa çalışarsa, onun yerinə, inanın ki, mən sevinərəm.

- “Həsən əmi”, Oqtay (“Üçüncü mərtəbədə”), İnci qarı (“Tutuquşu”) kimi obrazlarda fiziki tənhalıqdan çox, psixoloji izolyasiya hiss olunur. Sizcə, insanı məhv edən fiziki təklikdir, yoxsa izdiham içində tənha qalmaq?

- Ümumiyyətlə, təklik, tənhalıq kimi durumun insanı məhv etmək gücü yoxdur. Əlbəttə, əgər insanın özü-özünü doyura biləcək daxili məzmunu, özünəməxsus məram və məqsədləri varsa. Və əgər insan özü ilə bir qədər səmimi olub, həmin bu təkliyin onu bu dünyaya gəlişinin ilk anlarından başlayaraq, buradan gedişinin son akkordlarınacan, bütün həyatı boyu müşaiyət edən təbii və tanış halı olduğunu dərk edərsə, o nə fiziki mənada təkliyin, nə də izdiham içində tənhalığın onun bu əzəli və əbədi durumunda elə bir fundamental dəyişikliklər yaratmağa qadir olmadığını anlayar. Və o, bir az da dərinə getsə, tənhalığın - insanı azadlığa, kamilliyə, şəfa və salamatlığa aparan mükəmməl yaşam tərzi olduğunu, təkliyin - ailə, cəmiyət, kollektiv münasibətlərində yaddan çıxarıb unutduğu öz həqiqi Mənini, Onda yatan gizli sərvət yataqlarını aşkarlayıb üzə çıxarmaq kimi, müsbət tərəflərini kəşf edə bilər ki, bunu biz qədim filosofların, böyük yazıçıların, əlkimyaçıların, təsəvvüf yolunun ardıcıllarının və digər tarixi şəxsiyyətlərin timsalında da görürük. Adlarını çəkdiyiniz hekayələrə gəlincə, onlar - insanın təkliyindən yox, tək qalarkən düşdüyü hal və vəziyyətlərdən, tənhalıqda, yəni özləri ilə üz-üzə, baş-başa qaldıqları zaman üzə çıxan gözlənilməz, fərqli mənzərələrdən bəhs edir.

- Bir çox hekayələrinizdə qəhrəmanlar xilas yolunu hərəkətdə yox, ya xatirədə, ya yuxuda, ya da simvolda tapır. Sizcə insan niyə bəzən bugünkü həyatı dolu-dolu yaşamaq əvəzinə, içindəki dünəndən möhkəm yapışır?

- Sözün düzü, bu həyatda, dediyiniz o “dolu-dolu” yaşamalı bir şey görməmişəm və olsun ki, elə bu səbəbdən yazıya və ədəbiyyata üz tutmuşam. Düşünürəm, mənim kimi çox-çox insan bu həyatda dolu-dolu yaşamağa bir şey tapmadığı səbəbdən, həqiqi həyat axtarışında ayrı yaşam yollarını axtarmağa məcbur olur. Dinlər, təriqətlər, yuxular, inanc və yaradıcılıq kimi xilas yolları həyatın bu məzmunsuz mənasızlığından qurtulmağın ən güvənli pənah yeri olaraq, hər zaman insanın köməyinə gəlib.

- Bir çox əsərlərinizdə qəhrəmanlar, sanki ölmədən öncə ölürlər. Bu mənəvi (sufiyanə) ölüm anlayışı sizin üçün nədir?

- Fiziki ölümdən əvvəlki ölüm barədə böyük sufi mütəfəkkirlərinin cild-cild əsərləri, şeir və poemaları, dərin fəlsəfi traktatları var ki, onlar fiziki ölümdən əvvəlki ölümü, yəni sağ ikən bu dünyada yoxa çıxmağı - həyatın, həmin o məzmunsuz mənasızlığından kənara çəkilib, öz içində - yuxarıda dediyim, həmin o hüdudsuz və toxunulmaz ərazilərdə yaşamaq hesab edirlər. Mənim qəhrəmanlarımın da, bu dünyada ölmələrinin alt qatında yatan, təxminən budur. Lakin onları mən, hələ Məhəmməd Nəsəfi, İmam Həsən Bəsri, İbn Ərəbi, Məhəmməd Qəzali kimi mütəfəkkir sufiləri tanımazdan çox-çox əvvəl, 80-ci, 90-cı illərdə yazmışam. “Mənəvi ölüm” anlayışına gəlincə, bu dünyada sağ ikən ölmək, heç də mənən ölmək demək deyil. Əksinə, insanın mənəvi məhvinə yönələnən süni cəmiyyət formulalarından bir addım geriyə - öz içinə çəkilib, həqiqi “Mən”ində yenidən doğulmaq deməkdir ki, bu sayaq doğuluşlar hər kəsə nəsib olmur.

- “Dovşanın ölümü”ndə adi məişət hadisəsi həyat-ölüm antitezisinə çevrilir. Siz bu cür kiçik detalları şüurlu şəkildəmi böyük metafizik mənalara daşıyırsınız, yoxsa bu, yazı prosesində təbii baş verir?

- Bilirik ki, yazıçılar əsəri yazmağa başlamazdan əvvəl, adətən onun süjetini, ana xəttini, ideya və obrazlarını beyinlərində bişirib qurur, sonradan kağıza köçürürlər ki, əslində bu, peşəkar yazıçı üsuludur. Məndə isə, nə qədər qəribə də olsa, bu proses ayrı cür baş verir. Belə ki, mən nə yazacağımı bilmədən, nəyi, hansı məqsədlə, necə qələmə alacağım haqda düşünmədən, halımın necəsə, birdən-birə dəyişdiyini, ürəyimin, nədənsə zəhərlənmiş kimi bulanmağa, iştahımın kəsilib, rəngimin saralmağa başladığını hiss edirəm və bunun, yazacağım hansısa yeni mətnin içimə düşən toxumu olduğunu anlayıb yazı masasının arxasına keçirəm. Məsələn, “Azadlıq” romanını yazmazdan düz bir il əvvəl mən, üzümə çökən xəstəhal sarıltı, davamlı iştahsızlıq, yuxusuzluq və ürək bulanmaları səbəbindən, neçə-neçə həkim qəbulundan, rentgen, UZİ, dopler, MRT və sair aparatların müayinəsindən keçsəm də, bu vəziyyətdən, dərman və müalicələrlə yox, “Azadlıq” romanının birinci fəslini yazmağa başlamaqla çıxdım. Bəlkə də bu dediklərim sizə fantastika filmlərinin uydurma epizodlarını xatırlada bilər, lakin reallıq budur. “İzdiham”, “Üzü işığa, “Sərçələr”, “Can üstə”, “O məni sevir”, eləcə digər əsərlər də belə yazılıb. Mən əlimdə qələm, içimi titrədib bulandıran, həmin o sirli toxumun çüçərti səsinə casus kimi diqqət kəsilib, onu nəfəsimə çəkə-çəkə yazmışam. “Dovşanın ölümü” də beləcə. Hekayənin yazılmasına səbəb - uşaqlar üçün bağda saxladığımız dovşanlardan birinin ölməsi və hadisə yerində peyda olan qapı qonşumuz Yəhya kişinin, dovşanın cansız vücuduna baxa-baxa “dovşanın erkəyi ilə dişisini bir yerdə saxlamazlar, biri ölür həmişə” deməsi oldu. Hekayə, dovşanlar haqqında eşitdiyim, bu zahirən adi məlumatda mənə toxunanın nə olduğu anlaşılmadan, içimdə yaranan həmin tanış bulantılar dolu cücərtilərlə yazıldı.

- Yazılarınızda ölüm tez-tez açıq sonluq kimi yox, sakit və adi bir vəziyyət kimi gəlir. Ölümü bu qədər səssiz vermək sizin üçün qorxunu azaltmaq, yoxsa onu daha real göstərmək cəhdidir?

- Ölüm, həqiqətən sakit, adi və səssizdir. Bunu mən dəfələrlə, bu dünyadan xəstələnib ağrımadan, əzab-əziyyətsiz, üzlərində məmnun təbəssüm, “quş kimi uçub” köçən neçə-neçə yaşlı qohumumun və yaxınımın canüstü məqamları zamanı yaxından izləmişəm və ölümün, təsəvvür edildiyi kimi, dünyanı azqala məhvərindən qoparacaq, əzab-iztirablar dolu, fövqəladə hadisə yox, insanın yuxulamağı, fikrə, xəyala dalmğı kimi təbii və sakit halı olduğunun şahidi olmuşam. Ölümlə bağlı insanları vahimələndirib çaşdıran – o məqamda baş verəcəklərin naməlumluğu, ona aparan xəstəlik və ağrılardır. Lakin ölüm nə xəstəlik, nə də ağrıdır. Təsəvvür edin ki, insan çarəsiz bir xəstəyə tutulub, ağrı-iztirablar içində qovrulur, yaxud o qədər qocalıb ki, nə yeriməyə, nə danışmağa taqəti qalıb. Lakin o ölmür, həmin xəstəlik və qocalıq iztirabları ilə əbədi olaraq yaşamağa davam edir. Belə olan halda, ölüm - insanı bütün o ağrı-iztirablarından qurtarıb azad edən yeganə xilas yolu, böyük ilahi rəhm kimi çıxış etmirmi? Üstəlik, İsa peyğəmbərin “əgər insanlar o biri dünyadakı həyatlarından agah olsaydılar, Yer üzündə bir nəfər sağ adam qalmazdı” kəlamını da xatırlasaq, biz ölümün – insanı dərin, dibsiz uçurumların üstü ilə o biri dünyaya aparan vahiməli qaranlıqlar dolu sirli olay yox, onu xəstəlik və qocalıq iztirablarından qurtarıb azadlığa çıxaran işıqlı nəfəslik olduğunu anlayarıq.

- Sonda gənc həmkarlarınıza mesajınız nə olardı?

- Gənc həmkarlarıma hər şeydən əvvəl öz yaradıcı nüvələrini qorumalarını, bütün ağrı-acıların, sıxıntı və darısqallıqların, hər zaman yaratmaq şövqü ilə dalğalanmaqda olan yaradıcı ruhun möhtəşəmliyi qarşısında acizliyini duyub anlamalarını tövsiyə edərdim.

Foto: İlkin Nəbiyev

“Silahdaşlar” sənədli filmi nümayiş olundu

Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa

Xalq artisti Eldar Quliyevin xatirəsi anıldı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
kulis.az

1Mənbələr