AZ

Trampın dollarla bağlı “rahat” mövqeyi valyutanı son 4 ilin minimumuna endirib

Donald Trampın dolların zəifləməsi ilə bağlı sakit və rahat mövqeyi ABŞ valyutasının daha uzunmüddətli eniş mərhələsinə keçidi ilə bağlı bazarlarda narahatlığı artırır. Üstəlik Trampın prezidentliyi döründə ABŞ dolları 6 əsas valyutaya qarşı dəyər itkisini 10%-dən yuxarı qaldırıb.

Banker.az xəbər verir ki, Trampın dolların “həddindən artıq zəifləmədiyini” deməsindən sonra ABŞ valyutası ötən il tariflərin tətbiqindən bəri ən kəskin birgünlük ucuzlaşmanı yaşadı. ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında ölçülən indeksi DXY dünən təqribən 1.8 faizə yaxın geriləyərək 95.33 bəndə düşüb. Yerigəlmişkən, bu səviyyə 2022-ci ildəki Rusiya-Ukrayna müharibəsindən sonra ən aşağı səviyyədir. “Bloomberg”in dollar indeksi isə 1.2%-ə qədər gerilədi ki, bu da dolların və ABŞ xəzinə istiqrazlarının cəlbediciliyini azaldır.

“Eurizon SLJ Capital”ın təsisçisi Stiven Cen hesab edir ki, bu proses Tramp administrasiyasının ABŞ ixracatçılarını dəstəkləyən məzənnə siyasəti fonunda dollar üçün yeni zəifləmə mərhələsinin başlanğıcıdır. Onun sözlərinə görə, “bu, dolların növbəti eniş dalğasının başlanğıcı ola bilər və bir çoxları buna hazır deyil”.

ABŞ dollarının indeksi DXY (Foto: PAŞA Kapital İ.Ş.-nin platforması)

Tramp isə Ayova ştatında jurnalistlərə bildirib ki, zəif dollar ABŞ biznesi üçün müsbət amildir. Bu açıqlama bazarlar tərəfindən dolların son enişinin dolayısı ilə təsdiqi kimi qəbul edilib. Nəticədə dolların ümumi valyutalar qarşısında dəyərini Nyu-York ticarətində son dörd ilin minimumuna enib. Avro və funt sterlinq 2021-ci ildən bəri ən yüksək səviyyələrə yüksəlib, İsveçrə frankı isə 2015-ci ildən bəri maksimuma çatıb.

“Pinnacle Investment Management”in baş strateqi Entoni Doylun fikrincə, “valyutanı müdafiə edə biləcək əsas şəxsin narahat görünməməsi dollar üçün psixoloji dəstəyin zəifləməsi deməkdir”.

“Goldman Sachs”ın sədr müavini Robert Kaplan isə xəbərdarlıq edir ki, zəif dollar ixracı artıra bilər, lakin 39 trln. dollara çatan borc fonunda “valyuta sabitliyi ixracdan daha önəmlidir”.

Bu arada ABŞ dollarının kəskin ucuzlaşması qızıl üçün yeni maksimum səviyyə olan 5256 dollar-unsiya səviyyəsi müəyyən etdi. Spot gümüşün bir unsiyası artıq 117 dollara qədər yüksəlib.

Qeyd: Banker.az-ın əvvəlki dövründə ABŞ-ın hazırkı prezidendtinin dolların uzulaşmasında maraqlı olması ilə bağlı Analitika bölməsində 10-larla məqalə dərc edilib.

Seçilən
9
banker.az

1Mənbələr