AZ

Sahibkarların uğur yolu

Bu yolun təməli həm də KOBİA-nın dəstəyi ilə qoyulur

Müasir dövrdə iqtisadiyyatın dayanıqlı inkişafı və məşğulluğun artırılması birbaşa sahibkarlığın gücləndirilməsi ilə bağlıdır. Bu baxımdan kiçik və orta biznes subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilir. Sahibkarlıq mühitinin sağlamlaşdırılması, biznes təşəbbüslərinin təşviqi və yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən ardıcıl islahatlar həmin sahənin inkişafına güclü təkan verir. 

Məhz bu məqsədlə fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara hərtərəfli dəstək göstərərək, onların bilik və bacarıqlarının artırılmasına, maliyyə resurslarına çıxışının genişləndirilməsinə, eləcə də biznes mühitində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına kömək edir. KOBİA-nın həyata keçirdiyi xidmət və təşəbbüslər ölkədə sağlam rəqabət mühitinin formalaşmasına, innovativ ideyaların reallaşmasına və yerli biznesin beynəlxalq bazarlara inteqrasiyasına geniş imkanlar açır. Sahibkarlara göstərilən xidmətlərin mərkəzləşdirilmiş, şəffaf və operativ şəkildə təşkili biznes subyektlərinin vaxt itkisinin minimuma endirilməsinə, inzibati prosedurların sadələşdirilməsinə və fəaliyyətin daha rahat qurulmasına şərait yaradır. 

Sahibkarlara vahid məkanda çoxsaylı dövlət və özəl xidmətlər təqdim edən KOB evləri qısa müddət ərzində biznes ictimaiyyətinin etimadını qazanaraq praktiki dəstək platforması kimi formalaşıb.  Fakt: 2025-ci ildə sahibkarlara KOB evlərində ümumilikdə 543033 xidmət təqdim olunub. Bu göstərici KOB evlərinin sahibkarlar üçün nə qədər zəruri və etibarlı bir dəstək mexanizminə çevrildiyini aydın şəkildə nümayiş etdirir. Müraciətlərin əsas hissəsi biznes fəaliyyətinin həyata keçirilməsi üçün vacib olan sənədlərin rəsmiləşdirilməsi, eləcə də vergi məsələləri ilə bağlı olub ki, bu da sahibkarların gündəlik fəaliyyətində ən çox qarşılaşdıqları ehtiyac və çağırışları əks etdirir.

Göstərilən xidmətlərin bölgələr üzrə bölgüsü də KOB evlərinin fəaliyyət miqyasını aydın ortaya qoyur.  KOBİA-nın məlumatına görə, müraciətlərin 327 minə yaxını "Bakı KOB evi"nin, 131 mindən çoxu "Yevlax KOB evi"nin, 18 minə yaxını "Xaçmaz KOB evi"nin, 67 mindən çoxu isə "Xaçmaz KOB evi"nin "Food City" Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür. Bu faktlar paytaxtla yanaşı, regionlarda da KOB evlərinə artan tələbatı və sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsinin genişləndiyini təsdiqləyir. Sahibkarlara göstərilmiş xidmətlərin 496 minə yaxını dövlət qurumları ("G2B"), 47 mindən çoxu isə biznes qurumları ("B2B") tərəfindən təqdim edilib.

Sahibkarlar KOB evlərinə ən çox yükdaşımaların həyata keçirilməsi üçün tələb olunan icazə blanklarının və fərqlənmə nişanlarının alınması, mənşə sertifikatlarının rəsmiləşdirilməsi, fiziki şəxslərin vergi uçotuna alınması, eləcə də vergi ilə bağlı digər məsələlərin həlli məqsədilə müraciət ediblər. Bundan başqa, gömrük prosedurları, kommunal və bank xidmətləri ilə bağlı müraciətlər də əhəmiyyətli pay təşkil edib. Bu isə o deməkdir ki, KOB evləri sahibkarlıq fəaliyyətinin müxtəlif mərhələlərini əhatə edən universal xidmət məkanıdır.

Göstərilən xidmətlərin keyfiyyəti və operativliyi sahibkarların məmnunluq səviyyəsində də öz əksini tapıb.  Burada təqdim olunan xidmətlərdən istifadə edən sahibkarların 98 faizi həmin mərkəzlərin fəaliyyətindən razı qaldığını ifadə edib. Təkcə bu fakt həyata keçirilən dəstək mexanizmlərinin effektivliyinin bariz göstəricisi kimi diqqət çəkir.

KOB-ların biznes biliklərinin və bacarıqlarının artırılması üzrə göstərdiyi dəstək və xidmətlər sahibkarların peşəkar inkişafına, idarəetmə keyfiyyətinin yüksəlməsinə və rəqabətqabiliyyətli fəaliyyətin qurulmasına mühüm töhfə verir. Təlimlər, məsləhət xidmətləri və mentorluq proqramları KOB-lara bazar tələblərinə uyğunlaşmaq, maliyyə və strateji qərarları daha düzgün vermək imkanı yaradır. Belə dəstək mexanizmləri innovasiyaların tətbiqini sürətləndirir və dayanıqlı biznes mühitinin formalaşmasına xidmət edir. 

Ötən il KOB subyektləri biznes  istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə geniş fəaliyyət göstərib. KOBİA bildirir ki, Bakı və regionlarda keçirilən 751 təlimdə satış, marketinq, mühasibatlıq, idarəetmə, brendləşmə, innovasiya, biznes planlama və "yaşıl iqtisadiyyat"ı əhatə edən mövzular üzrə dərslər keçirilib. Videotəlim platformasından 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. Eyni zamanda 340 sahibkara satış, marketinq, biznes planlama, mühasibatlıq və hüquqi məsələlərlə bağlı məsləhət xidməti göstərilib, 288 biznes-planın hazırlanmasına dəstək verilib. Ümumilikdə, 2025-ci ildə KOBİA-nın dəstək və xidmətlərindən 7 mindən çox KOB, startap və sahibkar yararlanıb. Bütün xidmətlər canlı və onlayn rejimdə, tam ödənişsiz təqdim olunub.

2025-ci il KOB-ların satış imkanlarının genişləndirilməsi sahəsində də uğurlu nəticələrlə yadda qalıb. Mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin bazara çıxarılması, tanıdılması, satışının artırılması üçün bir sıra dəstək mexanizmləri uğurla tətbiq olunub: 350 mikro, kiçik və orta biznes subyekti bu imkanlardan yararlanıb. 85 KOB ölkədaxili və xarici sərgilərdə (8-i yerli, 3-ü xarici) ödənişsiz iştirak edib. Göygöl, Şuşa və Göyçayda keçirilən 3 "KOB Fest" sərgi-satış yarmarkasında 220 sahibkar məhsul və xidmətlərini təqdim edərək satış həyata keçirib. Mikro və kiçik sahibkarların məhsullarının iri ticarət şəbəkələrində satışı üçün yaradılmış 7 satış nöqtəsində isə 45 KOB-un məhsulu alıcıların ixtiyarına verilib.

Göründüyü kimi,  2025-ci ildə KOBİA-nın həyata keçirdiyi dəstək və təşəbbüslər KOB-ların biznes biliklərini artırmaqla yanaşı, onların satış imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirib. Təlimlər, məsləhət xidmətləri, sərgi və yarmarkalar vasitəsilə sahibkarlar yeni bazarlara çıxış əldə edib, məhsul və xidmətlərini tanıdıb, iri ticarət şəbəkələrində satış imkanlarını artırıblar. Bu fəaliyyətlər KOB-ların davamlı inkişafına təkan verir, rəqabət qabiliyyətini gücləndirir, ölkədə sahibkarlığın daha dayanıqlı formalaşmasını sürətləndirir.

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr