AZ

Bakıda sərxoş kişi qaçırdığı maşını dəmir yolu stansiyasındakı dirəyə çırpdı - MƏHKƏMƏ

Nərimanov Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən İsmixan Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, İsmixan Vəliyev 17 fevral 2025-ci il tarixdə, saat 14:00 radələrində atasının Nərimanov rayonu, Çəmənzəminli küçəsində yerləşən yaşayış evinin qarşısında saxlanılan, zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) məxsus olan, lakin etibarnamə əsasında MMC-lərin birinin istifadəsində olan “Hyundai Tucson” markalı avtomobilin açarının evdə olduğunu bilib. O, açarı gizli götürərək maşını talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib.


Məlumata görə, sözügedən avtomobil MMC tərəfindən həmin evdə kirayədə yaşayan şəxsə iki günlük icarəyə verilmiş olub. Təqsirləndirilən şəxs avtomobili idarə edərək hadisə yerindən uzaqlaşıb və həmin gün saat 15:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Keşlə dəmir yolu stansiyasının 2 nömrəli daşıyıcı xətti ərazisində avtomobili dəmir yolu relsləri üzərində hərəkət etdirib. Hərəkət zamanı idarəetməni itirən İsmixan maşını dəmir dirəyə çırpıb. Nəticədə avtomobilin ön və arxa hissələrinin, eləcə də təkərlərinin zədələnməsi ilə zərərçəkmiş şəxsə 8 740 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.


Araşdırma zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 1,050 qram olan, kustar üsulla hazırlanmış, xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib. O, həmin maddəni 17 fevral 2025-ci il tarixdə qanunsuz ələ keçirdiyi avtomobilin sürücü oturacağının ayaqaltı hissəsində, rezin örtüyün altında gizlədərək saxlayıb və nəqliyyat vasitəsi ilə Keşlə qəsəbəsinə qanunsuz şəkildə daşımışdır.


Avtomobilin dəmir yolu relsləri üzərində qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında Biləcəri stansiyasının polis əməkdaşları hadisə yerinə gələrək, 17 fevral 2025-ci il tarixdə saat 16:23 radələrində nəqliyyat vasitəsinə baxış keçiriblər. Baxış zamanı maşının sürücü oturacağının ayaqaltı hissəsindən təqsirləndirilən şəxsə məxsus bir ədəd sellofan bükümdə 1,050 qram ağ rəngli kristalşəkilli metamfetamin, eləcə də üzərində narkotik maddə izləri olan bir ədəd borucuq formalı predmet aşkar edilərək götürülüb.


Qeyd olunan hallarla bağlı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 185.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi) və 234.1-ci (narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan qanunsuz əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.


Məhkəmə iclasında İsmixan Vəliyev özünü qismən təqsirli bilib. O, ifadəsində narkotik maddədən istifadə etdiyini etiraf etsə də, ittiham aktında göstərilən çəkidə narkotik maddə saxlamadığını söyləyib. Təqsirləndirilən şəxs metamfetamini 50 manata aldığını deyib.

Kamal Məmmədov 

Tarix: 28 Yanvar 2026, 08:54   
Seçilən
5
1
pravda.az

2Mənbələr