AZ

Good luck, “Qarabağ”...

Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində sonuncu oyununa çıxır.

“Qarabağ” İngiltərədə yerli “Liverpul”un qonağı olacaq.

“Liverpul” əvvəlki “şir” deyil, son turda onlar da “Qarabağ” kimi uduzub. Ağdamlılar “Kəpəz”ə (0:2), ingilislər “Bornmut”a (3:2).

Elə milli çempionatlarda da xalları eynidir-36. “Liverpul” bu xalla 6-cı sırada, “Qarabağ” isə ikinci sıradadır. Çempionlar Liqasında hazırda turnir cədvəlində “Liverpul” 15 xalla 4-cüdür.

fotojet_17.jpg

10 xala malik “Qarabağ” isə 18-cidir. “Liverpul” indiyədək 67 titul qazanıb, o cümlədən 19 liqa, altı Çempionlar Liqası titulu. 127 illik tarixi ərzində “Liverpul” loqosunu səkkiz dəfə dəyişdirib. Yalnız bir detal dəyişməz qalıb - ingilis futbolunu izləyən hər kəsə tanış olan mifoloji quş...

qarabag-kohne13.jpg

***

Qarşılaşma ərəfəsi “Qarabağ”a da təriflər var. Onların içərisində türkiyəli mütəxəssis Naci Şensoyun qol.az saytına dedikləri maraq doğurur. Şensoy Ağdam təmsilçisini ilk turda Frankfurt klubuna 1:5 hesabı ilə uduzan “Qalatasaray”la müqayisə edib: “Əgər ”Qarabağ" Türkiyə Superliqasında mübarizə aparsaydı, hazırda “Qalatasaray” və “Fənərbaxça” ilə çempionluq uğrunda yarışardı. Bu komandalardan heç də geri qalmır. Məncə, “Qarabağ” həm “Trabzonspor”, həm də “Beşiktaş”dan daha güclü komandadır". Yaxşı motivasiyadır, Türkiyə superliqasının klublarına azarkeşlik edənlər üçün də düşünmək üçün “pasdır...”

***

Bəllidir ki, bu oyun həm “Liverpul”, həm də “Qarabağ” üçün prinsipial xarakter daşıyır. “Liverpul” mütləq qalib gəlmək istəyəcək, çünki bu halda 1/8 finala vəsiqəni birbaşa təmin edəcək. Heç-heçə və ya uduzmaq “Liverpul”u “pley-off”a ata bilər ki, bu halda da komanda hansısa rəqiblə daha iki oyun (evdə və səfərdə) keçirməli olacaq. “Liverpul”un kapitanı Vircil van Deyk də ilk 8-likdə qalmaq üçün Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib: “Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki pley-off mərhələsini buraxmış olursan və bu da hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Evdə oynayacağıq. Gəlin, ilk 8-likdə yer alacağımızdan əmin olaq”.

381074396_863158701845832_6460621950973313366_n.jpg

“Qarabağ”ın “Anderlext” üzərində əzmkar qələbəsindən sonra Azərbaycan təmsilçisinin mərhələ adlayacağına ümidlər artıb. Hələ püşkatmada sonra, xüsusilə ilk iki turdakı qələbələrdən sonrakı hesablamalar sonuncu oyunun- “Liverpul”la qarşılaşmanın simvolik xarakter daşıyacağını düşünürdük. Yəni hesablamalara görə, “Liverpul” səfəri öncəsi “Qarabağ”ın 13 xalı olmalı idi. Ən pis halda 11 xalın “cibimizdə” olduğunu deyirdik. Amma hər şey “Ayaks”la oyunda tərsinə oldu. ÇL turnir cədvəlində məğlubiyyətləri sıralayaraq sonuncu pillədə olan Niderland təmsilçiləri məğlub olmalarına baxmayaraq, oyunun çarxını öz xeyirlərinə dəyişib (2:4) Bakıdan qələbə ilə döndülər.

“Qarabağ” əgər oyunda 1 xal belə qazansaydı, indi “Liverpul”la oyunun həyəcanı fərqli olacaqdı. Bu məğlubiyyət indi bizə baha başa oturur. Həm də ona görə ki, təkcə pley-off şansımıza görə İngiltərədə deyil, digər 7 şəhərdə keçirilən oyunun nəticəsinə (bütün oyunlar son turda eyni vaxta başlayır) görə həyəcanlanmalı olacağıq. Düzdür, ekspertlərinin hesablamalarına görə, “Qarabağ” 90% “pley-off” mərhələsinə düşəcək. “Qarabağ” “Liverpul” üzərində qələbə qazansa və ya heç-heçə etsə “pley-off”a öz hesabına adlayacaq. Amma komandamız uduzacağı təqdirdə bir neçə digər oyunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçəcək. Belə ki, 8-ci turda keçiriləcək həmin 7 oyundan 2-sində, məsələn, “Barselona” (İspaniya) - “Kopenhagen” (Danimarka) oyununda ispanlar uduzmasa, eyni zamanda “Napoli” (İtaliya) - “Çelsi” (İngiltərə) matçında ingilislər məğlub olmasa, “Qarabağ”ın “pley-off”a yolu avtomatik açılır.

17579999482224045230_1200x630.jpeg

“Qarabağ”ın uduzacağı təqdirdə “pley-off”a çıxması üçün aşağıdakı oyunlarda adları qara şriftlə verilmiş klublardan heç olmasa ikisi uduzmamalıdır:

“Napoli” (İtaliya) - “Çelsi” (qara İngiltərə);
PSV (Hollandiya) - “Bavariya” (qara Almaniya);
“Monako” (Fransa) - “Yuventus” (qara İtaliya);
“Bayer Leverkuzen” (Almaniya) - “Vilyarreal” (qara İspaniya);
“Atletik” (İspaniya) - “Sportinq” (qara Portuqaliya);
“Ayaks” (qara Niderland) - Olimpiakos" (Yunanıstan) ; “Barselona” (qara İspaniya) - “Kopenhagen” (Danimarka).

***

Yeri gəlmişkən, “hop edib tullanmamış” “Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri haqda da danışılır.
a) Pley-off"un püşkatması zamanı (30 yanvar) 9-16-cı yeri tutanlar “səpələnmişlər”, 17-24-cü yeri tutanlar isə “səpələnməmişlər” səbətində yer alacaq.

Yəni 9-16-cı yeri tutan 8 komanda yalnız 17-24-cü yeri tutan 8 komandadan biri ilə qarşılaşacaq.

b) “Səpələnməmişlər” səbətindəki komanda “pley-off”da ilk matçı evdə, cavab oyunu səfərdə keçirəcək.

c) “Pley-off”la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd ”səpələnmiş" cüt (turnir cədvəlində 9-10-cu, 11-12-ci, 13-14-cü, 15-16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17-18-ci, 19-20-ci, 21-22-ci, 23-24-cü yerlər) formalaşdırılacaq.

Hər “səpələnmiş” cütdəki klublar pley-off toruna düşəcək və “səpələnməmiş” cütlərdəki klublarla qarşılaşacaq".

Yəni...

9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla,
11/12 - 21/22 ilə,
13/14 - 19/20 ilə,
15/16 - 17/18 ilə üz-üzə gələcək.

Bu o deməkdir ki, əgər yarış indi - 7 turdan sonra bitsə idi, hazırda 18-ci pillədə olan “Qarabağ” ya “Yuventus”la (15-ci yer) ya da “Borussiya” Dortmundla (16-cı yer) qarşılaşacaqdı.

***

“Liverpul” “Qarabağı” ev oyunlarını keçirdiyi “Enfild”də qarşılayacaq. Liverpuldakı “Enfild” stadionunun zəngin tarixi 1884-cü ilə gedib çıxır. Əvvəlcə Everton klubu tərəfindən icarəyə götürülmüş stadion sonradan yeni yaradılmış “Liverpul”un evinə çevrildi. Bir əsrdən çox müddət ərzində Enfild çoxsaylı modernləşdirmələrə məruz qalaraq onu Böyük Britaniyanın ən müasir və tutumlu arenalarından birinə çevirib. Təmirin əsas mərhələlərinə yeni tribunaların tikintisi, təkmilləşdirilmiş işıqlandırma və müasir təhlükəsizlik sistemlərinin quraşdırılması daxildir. Bu gün stadion 50.000-dən çox tamaşaçı tutumuna malikdir və təkcə futbol oyunlarına deyil, həm də konsertlərə və digər tədbirlərə ev sahibliyi edir.

***

“Liverpul”un bu sezon yaxşı formada olmaması haqda deyilənlər, sadəcə, tənqid deyil. Baxmayaraq ki, bu mövsüm bahalı transferlərlə diqqət çəkmişdi. Məsələn, klub isveçli hücumçu Aleksandr İsakı 144 milyon avroya “Nyukasl”dan transfer etməklə İngiltərə Premyer Liqasında yeni transfer rekordu qırdı. Bu mövsüm “Ayntraxt”ın hücumçusu Uqo Ekitiken üçün klub 95 milyon avro ödəyib. Amma hələ ki bu iki futbolçudan, eləcə də digər transferlərdən gözlədikləri effekti ala bilməyiblər.

“Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətində itkilər var. Co Qomez, Covanni Leoni və Konor Bredli də zədəlidir. Federiko Kyezanın da durumu sual altındadır.

maxresdefault.jpg

“Liverpul”un baş məşqçisi Arne Slotun komandadakı gələcəyi haqda ziddiyyətli xəbərlər var. İspaniyanın “AS” nəşri xəbər verir ki, komandanın qeyri-sabit çıxışı niderlandlı mütəxəssisin üzərindəki təzyiqi getdikcə artırır. Çempionlar Liqasında Marseldə qazanılan son qələbəyə (3;0) baxmayaraq, “Liverpul” azarkeşlərinin öz komandalarını fitə basması vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Xüsusilə bu narazılıq Arne Slot üçün əlavə təzyiq yaradır. “Qarabağ” ÇL mərhələsində artıq bir baş məşqçini istefaya göndərib. “Benfika” nın doğma meydanda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqdan sonra klub baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

***

UEFA matçı Slovakiyadan olan hakimlər briqadasına tapşırıb. Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək..

İvan Krujlyak ötən ilin avqustunda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilmiş “Şkendiya” - “Qarabağ” oyununu idarə etmişdi. Həmin oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlmişdi.

Qarşılaşma yanvarın 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Uğurlar, “Qarabağ”!

Seçilən
13
sportinfo.az

1Mənbələr