AZ

Bakı ilə Təl-Əviv arasında iqtisadi əməkdaşlığın sintezi

Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əməkdaşlıq ölkələr arasında siyasi etimadın və strateji tərəfdaşlığın əsas göstəricilərindən biri hesab olunur. Azərbaycan ilə İsrail arasında sıx iqtisadi əlaqələr formalaşıb və onlar çoxşaxəli xarakter daşıyır. Coğrafi baxımdan fərqli regionlarda yerləşmələrinə baxmayaraq, hər iki ölkə enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, müdafiə sənayesi və ticarət sektorunda sıx əməkdaşlıq edir. Azərbaycanın enerji resursları və İsrailin innovasiya potensialı isə münasibətlərin əsas dayaqlarını formalaşdırır. 

Bu əməkdaşlığın yalnız nəzəri müstəvidə qalmadığını, konkret təşəbbüslər və praktiki addımlarla möhkəmləndirildiyini  iki gün öncə Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumu  aydın şəkildə göstərdi.Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan və İsrail prezidentləri Davosda iqtisadi, ticari və enerji sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirəyə çıxarıblar. Həmin görüşdə xüsusilə enerji, süni intellekt və kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi ön planda yer alıb. Eyni məsələlər Azərbaycan-İsrail biznes-forumu çərçivəsində də  müzakirə olunub. 

Forumda Azərbaycan və İsrailin dövlət qurumlarının nümayəndələri və iş adamları bir araya gələrək ticarət dövriyyəsinin artırılması, investisiya imkanları və birgə layihələrin perspektivlərini dəyərləndiriblər. Rəsmi şəxslərlə yanaşı, sənaye və tikinti, əczaçılıq, kənd təsərrüfatı, yüksək texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq və turizm sahələrində fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndəsi  qatılıb. 

Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən biri enerji sahəsidir. İsrail Azərbaycanın neft ixrac etdiyi ölkələr sırasında yer alır və bu, iki ölkənin ticarət dövriyyəsinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan Xəzər hövzəsinin zəngin enerji resursları ilə İsrailin enerji təhlükəsizliyinin təmin olunmasına dəstək verir. Bunun nəticəsi olaraq, Azərbaycan həm regional, həm də qlobal enerji bazarlarında etibarlı tərəfdaş imicini bir daha təsdiqləyir,  İsrail isə öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı, müxtəlif sahələrdə iqtisadi stabilliyini möhkəmləndirir. Bu əməkdaşlıq həmçinin digər sektorlara da təsir göstərir: enerji layihələrinin icrası zamanı yaradılan investisiya imkanları, texnoloji inkişaf və iş yerlərinin artımı ölkələrimizin iqtisadi potensialını daha da gücləndirir. Nəticədə enerji sahəsindəki qarşılıqlı maraqlar iqtisadi tərəfdaşlığın digər sahələrə genişlənməsinə, məsələn, yüksək texnologiyalar və infrastruktur layihələrinə də stimul verir.

Qeyd etdiyimiz kimi, enerji sektoru Azərbaycan-İsrail əməkdaşlığında strateji əhəmiyyət kəsb edir.  Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycan nefti İsrailə də tədarük olunur və bu, iki ölkə arasında enerji sahəsində etibarlı əlaqələrin bariz nümunəsidir. Ötən il Azərbaycan  Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İsrailin Aralıq dənizindəki  "Tamar"  qaz yatağında 10 faizlik pay alması da bunu təsdiqləyir. Bu yataq İsrailin elektrik enerjisinin təxminən 60-70 faizini təmin edir. Onu da əlavə edək ki, SOCAR artıq BP və İsrailin "NewMed Energy" şirkəti ilə birgə İsrailin Xüsusi İqtisadi Zonasının blokları üzrə qaz kəşfiyyat lisenziyalarına malikdir. Bu addımlar Azərbaycanı Aralıq dənizindəki enerji layihələrinə daxil edir və regionda yeni ixrac yollarının yaradılması imkanlarını genişləndirir. 

Hazırda Azərbaycanda İsrail investisiyalı 130-dan çox kommersiya qurumu fəaliyyət göstərir, iki ölkə arasındakı qarşılıqlı investisiyaların ümumi dəyəri isə təxminən 600 milyon dollar təşkil edir.  Ötən ilin göstəricilərinə görə, Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 78 milyon dollara çatıb. Xüsusilə qeyri-neft ixracında artım daha çox nəzərə çarpır: yanvar-noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft məhsullarının ixracı 27 faiz artaraq,  2024-cü ilin eyni dövründəki 16 milyon dollardan təxminən 20,3 milyon dollara yüksəlib. Bu göstəricilər iki ölkə arasındakı iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini və əməkdaşlıq potensialının geniş olduğunu bir daha təsdiqləyir.

Göstərilən uğurlar iqtisadi və texnoloji əlaqələri möhkəmləndirərkən, həm də ölkələrimiz arasında mədəni və turizm sahəsində qarşılıqlı maraqların inkişafına təkan verir. Bu proses Azərbaycanın sənaye 4.0 (4-cü sənaye inqilabı), "ağıllı şəhər" və kibertəhlükəsizlik sahələrində inkişafını sürətləndirir, ölkəni İsrailin qabaqcıl bilik və texnologiyaları ilə təmin edir. Nəticədə iki ölkə arasındakı əməkdaşlıq innovativ texnologiyaların transferi üçün platforma yaradır, üstəlik də Azərbaycanın rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar sahəsində lider mövqeyini möhkəmləndirir.

İqtisadi əlaqələrin digər mühüm istiqaməti turizmdir. 2025-ci ildə Azərbaycana İsraildən gələn turistlərin sayı əvvəlki ilə nisbətən iki dəfədən çox artıb. Birbaşa uçuşların sayının çoxalması və vizaların sadələşdirilməsi bu artıma şərait yaradıb. İsrailli turistlər Bakı şəhərinin tarixi məkanlarını, ölkənin bölgələrini və xüsusilə Quba rayonundakı Qırmızı qəsəbəni maraqla ziyarət edirlər. Paralel olaraq, azərbaycanlı turistlərin də  İsrailin Təl-Əviv və Hayfa kimi şəhərlərinə səfərləri artmaqdadır. Turizm mübadiləsi xalqlar arasında dostluğu gücləndirməklə yanaşı, iqtisadi fayda da gətirir.

Bu gün  yüksək texnologiyalar və startap ekosistemi  Azərbaycan-İsrail iqtisadi əməkdaşlığında  prioritet istiqamətlərdəndir. İsrailin startap ekosistemi və texnoloji təcrübəsi Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyası ilə uzlaşır. Bu çərçivədə Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin "OurCrowd" investisiya platforması arasında 15 milyon dollar  məbləğində əməkdaşlıq sazişi imzalanıb. Layihə energetika, səhiyyə texnologiyaları (healthtech), aqrar texnologiyalar (agtech), ərzaq texnologiyaları, təhsil texnologiyaları və kibertəhlükəsizlik sahələrini əhatə edir. "OurCrowd" platforması vasitəsilə Azərbaycanın innovativ gənc şirkətləri İsrailin təcrübəli investorlarından mentorluq və maliyyə dəstəyi alacaq, bu da ölkəmizdə texnologiya transferini sürətləndirəcək və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək.

Züleyxa  ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr