AZ

Qadını şantaj etməkdə və onun 10 minini almaqda təqsirləndirilən şəxsə əvvəl bəraət verildi, sonra ləğv olundu

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmiş şəxsin (mülki iddiaçı) apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır hökmü qismən, yəni təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv olunub. Kərim Kərimov CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsdən (mülki cavabdeh) 10000 manat pul və mülki iddia verməyə görə ödənilmiş 120 manat dövlət rüsümü tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı) ödənilməsi qərara alınıb.


Qeyd: İbtidai istintaq orqanı tərəfindən Kərim Kərimova qarşı ittiham ona görə irəli sürülüb ki, o, qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Samirə Hacızadənin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək anasının xəstə olduğunu və əməliyyat üçün pula ehtiyacı olduğunu bildirib. Təqsirləndirilən şəxs sonradan qaytarmaq vədi ilə 2022-ci ilin may ayında 5 000 manat, iyun ayında isə daha 5 000 manat olmaqla, ümumilikdə 10 000 manat pulu qadından aldadaraq ələ keçirib.


Bundan əlavə, ittihama görə, Kərim 2022-ci ilin avqust və sentyabr aylarında Samirə ilə Yeni Günəşli qəsəbəsində yerləşən oteldə çəkilmiş intim videoları yaymaqla hədələyərək, 5 000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirib.


Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırması zamanı təqdim olunan sübutlar əsasında həmin ittihamların təsdiqini tapmadığı qənaətinə gəlinib. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması, 182.2.2 və 182.2.4-cü (təkrarən və xeyli miqdarda əmlak əldə etməklə hədə-qorxu ilə tələb etmə) maddələri üzrə isə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.


Bununla belə, çıxarılmış hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi isə apellyasiya şikayəti veriblər.


Kamal Məmmədov 


Tarix: 28 Yanvar 2026, 08:26   
Seçilən
24
3
pravda.az

4Mənbələr