Tapıntı sapoteklərin ölüm, əcdadlar və axirət dünyası ilə bağlı inanclarına yeni işıq salır...
Poliqon xəbər verir ki, Meksikanın Oaxaka ştatında arxeoloqlar yaşı təxminən 1400 il olan sapotek mədəniyyətinə aid olduqca yaxşı qorunmuş məzarlıq kompleksi aşkarlayıblar. Live Science nəşrinin yazdığına görə, məzar iri daş bayquş heykəli, ölümün və əcdadlar aləminə keçidin simvolu eləcə də nadir polixrom freskalarla bəzədilib.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, tapıntı eramızın təxminən 600-cü illərinə aiddir və son illərdə Kolumbdan əvvəlki Mezoamerika dəfn ənənələrinin öyrənilməsi baxımından ən mühüm kəşflərdən biri hesab olunur.
Məzar Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun əməkdaşları tərəfindən San-Pablo-Uitso ərazisində mümkün talançılıq barədə daxil olan siqnaldan sonra aşkar edilib. Lakin gözlənilən qarət olunmuş abidə əvəzinə, arxeoloqlar demək olar ki, toxunulmamış, memarlıq və dekorativ elementləri yüksək səviyyədə qorunmuş dəfn kompleksinə rast gəliblər ki, bu da belə obyektlər üçün nadir hal sayılır.
Sapoteklər Mezoamerikanın ən qədim sivilizasiyalarından biridir və təxminən 2500 il əvvəl Oaxakanın Mərkəzi vadilərində formalaşıb. Onlar erkən yazı formaları, mürəkkəb təqvim sistemi yaradıb, Monte-Alban da daxil olmaqla güclü şəhər mərkəzləri inşa ediblər və asteklərdən xeyli əvvəl region mədəniyyətinin inkişafında əsas rol oynayıblar.
Məzarın girişində iri, gözləri geniş açılmış bayquş heykəli yerləşir. Sapotek inanclarında bu quş gecə, ölüm və ruhlar aləmi ilə əlaqələndirilib. Bayquşun dimdiyinin altında təsvir olunan rəngli insan üzü, tədqiqatçıların fikrincə, ilahiləşdirilmiş əcdadı və ya canlılarla fövqəltəbii dünya arasında vasitəçi rolunu oynayan mühüm elit nümayəndəni simvolizə edə bilər.
Məzarın daxilində iki kamera mövcuddur. Birinci kamerada təqvim adları həkk olunmuş daş panellər, həmçinin ritual baş geyimlərində təsvir edilmiş kişi və qadın fiqurları qorunub saxlanılıb. Dərin daş kamerada isə dini ayinlərdə istifadə olunan ətirli qatran — kopal daşıyan insanların yürüşünü əks etdirən parlaq freskalar aşkarlanıb.
Arxeoloqlar vurğulayırlar ki, rəsmlərin və heykəllərin bu dərəcədə yaxşı qorunması son dərəcə nadir haldır. Tapıntı sapoteklərin ölüm, əcdadların xatirəsi və axirət həyatı barədə təsəvvürlərinə, eləcə də ritual praktikalarında incəsənətin roluna yeni baxış imkanı yaradır.
Poliqon.info