AZ

ABŞ-nin Kanadaya müdaxilə planı 1930-cu ildə hazırlanıb

Tramp dövründə köhnə qorxular yenidən gündəmə gəlir...

“Qırmızı” müharibə planı zəhərli qazlardan kütləvi internirləməyədək sərt ssenarilər nəzərdə tutub.

Poliqon xəbər verir ki, The Guardian nəşrinin yazdığına görə, ABŞ hələ 1930-cu ildə Kanadaya mümkün hərbi müdaxilə planı hazırlayıb və bu tarixi sənədlər Vaşinqtonun xarici siyasətindəki son dəyişikliklər fonunda yenidən diqqət mərkəzinə gəlib. Söhbət “Qırmızı” adlı müharibə planından gedir. Plan ilk dəfə 1927-ci ildə işlənib hazırlanıb, 1930-cu ildə isə rəsmi şəkildə təsdiqlənib.

Sənədlərə əsasən, mümkün hücum ssenarisində ABŞ qüvvələri əvvəlcə strateji əhəmiyyətli liman şəhərini zəhərli qazlardan istifadə etməklə ələ keçirməli idi. Ardınca infrastrukturun iflic edilməsi məqsədilə sualtı rabitə kabellərinin kəsilməsi, körpülərin və dəmir yolu xətlərinin dağıdılması nəzərdə tutulurdu. Plan həmçinin göl və çay sahillərində yerləşən iri şəhərlərin sürətlə işğalını, mülki əhalinin mümkün müqavimətinin boğulmasını ehtiva edirdi.

“Qırmızı” plan çoxşaxəli müdaxilə modeli üzərində qurulmuşdu: quru qoşunlarının irəliləməsi, desant əməliyyatları və son mərhələdə kütləvi internirləmə tədbirləri. Amerikalı hərbi planlaşdırıcıların qənaətinə görə, hücum qısa müddətli olmalı və mühasirəyə alınmış ölkə bir neçə gün ərzində təslim edilməli idi.

Planın hazırlanmasının əsas səbəbi ABŞ hərbi dairələrinin Böyük Britaniyanın Kanadadan istifadə etməklə ABŞ-yə qarşı müharibəyə başlaya biləcəyi ilə bağlı narahatlıqları idi. O dövrdə Kanada mümkün hərbi əməliyyatların ən real teatrı kimi qiymətləndirilirdi. Maraqlıdır ki, amerikalı planlaşdırıcılar öz məğlubiyyətləri halında Kanadanın Alyaskanın ona verilməsini tələb edəcəyini də istisna etmirdilər.

Eyni zamanda sənədlər ABŞ tərəfinin Kanadanın sürətlə çökəcəyinə inamını da əks etdirirdi. Bunun əsas arqumenti kimi Kanada əhalisinin böyük hissəsinin ABŞ ilə ümumi sərhəd boyunca cəmləşməsi göstərilirdi. Plan ümumilikdə siyasi ittifaqların nə qədər kövrək ola biləcəyini vurğulayan nümunə kimi də dəyərləndirilir.

The Guardian qeyd edir ki, vaxtilə tarixi bir kurioz kimi qəbul edilən bu işğal planları bu gün yeni aktuallıq qazanıb. ABŞ-nin xarici siyasətdə daha aqressiv xətt götürməsi, Qərb yarımkürəsində öz “üstünlüyünü” daha sərt şəkildə təsdiqləməsi və baxışlarını təkcə rəqiblərə deyil, müttəfiqlərə də yönəltməsi bu qorxuları yenidən gündəmə gətirir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr