"Vəkillik praktikasında bəzən insana travma yaşadan hekayələr dinləyirsən".
"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşıb.
Vəkil 49 yaşlı xanımın başına gələnləri yazıb:
"49 yaşında xanım. Uşaq baxıcısı kimi işləyir. Nikahdan əvvəl atasının ona aldığı evdə özü, işsiz həyat yoldaşı, 29 yaşında oğlu və gəlini, və 2 nəvəsi yaşayır.
Qazancının yarısını ailənin dolanışığına, yarısını yığırmış. İşləməyə də məcburdur, çünkü əri (!?) və oğlu (!?) tələb edirmiş. Onlardan gizli pul yığırmış, əri o pulu tapanda, ata və oğul birləşib qadını döyüb. Bərk döyməyiblər, amma döyüblər.
Anasına, atasına əl qadıra bilən övladın beyin kimyası mənə çatmır. Düşünürəm ki, cəmiyyətdə ən təhlükəli insanlar onlardır. Çünkü onlarda mərhəmət deyilən bir şey yoxdur; mərhəmətsiz insan da "ən"ləri özündə toplamış bir yırtıcıdır.
Ata-bala 3-cü dərəcə əlil olan qadının pensiya kartını da alıb, pensiyanı mənimsəyirlər. Qadın da döyülmə qorxusu ilə səsini çıxarmır. Oğul da, anasına hətta belə təhdidlər edir: "elə etmə ki, səni nəvələrin üzünə həsrət qoyum".
"Mən bunlardan necə canımı qurtara bilərəm" deyə mənə soruşur. Məsləhətim o oldu ki, ərindən boşan, sizdən bir miras ala bilməsin, oğlunu da gəlin, ləyaqətsiz vərəsə elan etdirək. Ana ürəyidir, oğlum mirasdan pay alsın deyir. Belə oğula Allahdan bəla istəmək lazımdır, başqa şeyə layiq deyil.
Yaxşı ki qadının bir də qızı var, Türkiyədə ailə qurub. Boşanma müddəti üçün qadın gedir onun yanına, mən digər işləri həll edənə kimi. Bakıdakı evi də, elə həmin qıza vəsiyyət edəcək.
Oğlu həmin mənzilə 2012-ci ildə qeydiyyata düşüb, əri də Gürcüstan vətəndaşıdır. Başqa bir sözlə evlə bağlı hər hansı əşya hüququ da irəli sürə bilməyəcəklər".
Telegram kanalımız